AZ

Bakıda taksi paradoksu: sərnişin gözləyir, sürücü imtina edir

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Son zamanlar Bakıda taksi sifarişi ilə bağlı ciddi narazılıqlar var. Vətəndaşlar bildirirlər ki, taksi tapmaq mümkün deyil. Bəzi hallarda sifariş üçün uzun müddət gözlənilir, lakin sonda sürücü sifarişi ləğv edir. Sürücülər isə müştəri azlığından şikayətlənirlər.

Sürücülər müştəri azlığından şikayət edirlərsə, bəs sifarişi niyə ləğv edirlər?

Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, taksilərə nəzarət sisteminin düzgün qurulmaması səbəbindən bu sahədə problemlər günü-gündən artmaqdadır:

"Bu müşahidələr doğrudur və son dövrlərdə taksi bazarında real şəkildə hiss olunur. Sərnişinlərin “taksi tapılmır”, “uzun müddət gözlədim”, “axırda sürücü ləğv etdi” kimi narazılıqları ilə sürücülərin “müştəri azdır” şikayətləri ilk baxışda ziddiyyətli görünsə də, əslində eyni problemin fərqli tərəfləridir. Əsas səbəblərdən biri taksi platformalarının işləmə mexanizmidir. Bir çox tətbiqlərdə sifariş əvvəlcə yaxın sürücüyə göndərilir, lakin sürücü sifarişin təfərrüatlarını gördükdən sonra qərar verir. Gediləcək məsafə qısa olduqda, marşrut tıxaclı olduqda, ödəniş məbləği sərf etmədikdə və ya sərnişinin olduğu yerə çatmaq üçün uzun yol qət etmək lazım gəldikdə, sürücü sifarişi qəbul etsə belə, bir müddət sonra onu ləğv edir. Bu zaman sərnişin ekranda “sürücü gəlir” kimi məlumat görür, lakin faktiki gözləmə uzanır və nəticədə sifariş ləğv olunur.

Digər mühüm amil qiymət siyasətidir. Sürücülər müştəri azlığından şikayət edərkən, əslində, sərfəli sifarişlərin azlığını nəzərdə tuturlar. Yəni sifariş mövcuddur, lakin qazanc gözləntiləri ödəmir. Yanacaq xərcləri, avtomobilin amortizasiyası, platforma komissiyaları və vaxt itkisi nəzərə alındıqda, bəzi sifarişlər sürücü üçün mənasız görünür. Bu səbəbdən sürücü sifarişi saxlayır, yolboyu daha sərfəli sifariş çıxacağı ümidi ilə gözləyir, bu baş vermədikdə isə sifarişi ləğv edir".

Ekspertin fikrincə, psixoloji və davranış amili də bu prosesdə mühüm rol oynayır:

"Sürücülərin bir hissəsi eyni vaxtda bir neçə tətbiqi aktiv saxlayır. Bir platformadan sifariş qəbul edib, digər platformada daha yüksək tarifli sifariş gördükdə, əvvəlkini ləğv edirlər. Bu isə sərnişində sürücünün səbəbsiz yerə sifarişi ləğv etdiyi təəssüratını yaradır. Tənzimləyici dəyişikliklər və nəzarətin artması da dolayısı ilə vəziyyətə təsir göstərir. Qaydaların sərtləşdirilməsi, cərimə riskləri və fəaliyyət məhdudiyyətləri bəzi sürücülərin xüsusilə pik saatlarda xəttə çıxmamasına səbəb olur. Nəticədə sistemdə aktiv sürücü sayı azalır, sifarişlər gec qəbul edilir və ləğv halları artır"

Müsahibimiz əlavə etdi ki, problem nə tam sürücülərin günahıdır, nə də sərnişinlərin narazılığı əsassızdır:

"Bu, bazar mexanizmi, qiymət balansı və platforma qaydalarının bir-biri ilə uyğunlaşmamasından yaranan sistemli bir vəziyyətdir. Sərnişin uzun müddət gözləyir, çünki sürücü sifarişin özünə uyğun olub-olmadığını dəyərləndirir; sürücü isə müştəri azlığından danışır, çünki qazancı qane etməyən sifarişləri real müştəri hesab etmir. Bu ziddiyyət aradan qalxmadıqca, taksi tapmaq problemi və sifarişlərin ləğv olunması halları da davam edəcək".

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
redaktor.az

2Mənbələr