AZ

Hindistan Azərbaycandan sıxılmış maye qaz almaq istəyir...



Firdovsi Şahbazov: “Azərbaycan Hindistana o vaxt qaz ixrac edə bilər ki, Dehli region ölkələri ilə bərabər münasibət qursun”

Hindistan Azərbaycan qazına maraq göstərir. Hindistanın neft-qaz şirkəti “Bharat Petroleum” Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-la mayeləşdirilmiş qazın (LPG) alınması barədə danışıqlar aparır.

Bu barədə şirkətin LPG bölməsinin rəhbəri T.V. Pandian məlumat verib.

Tədarüklərin şaxələndirilməsi məqsədilə “Bharat Petroleum” ABŞ-dan qaz idxalı üçün tender də elan edib. Pandianın sözlərinə görə, şirkətin alışlarının təxminən 90 faizi uzunmüddətli müqavilələr əsasında həyata keçirilir, qalan 10 faiz isə spot alışların payına düşür və ABŞ üzrə tender məhz bu istiqamətə yönəlib. Pandian tədarükün genişləndirilməsinin əsas amili kimi Yaxın Şərqdəki qeyri-sabitliyi göstərib.

Maraqlıdır, Azərbaycan Hindistana sıxılmış qaz satsınmı?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, dərhal Hindistanın bu istəyini təmin etmək doğru olmaz: “Əvvəla, iqtisadi baxımdan bu yaxınlaşma hər iki dövlət üçün böyük dividentlər deməkdir. Hindistan iqtisadi baxımdan böyüyən böyük ölkədir və Azərbaycan öz enerji resurslarını ora satmaqla böyük bazara çıxmış olacaq. Yəni təkcə Avropaya yox, Asiyada nəhəng bazara malik olan ölkəyə qaz ixrac etmiş olarıq. Bu əməkdaşlıq həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işləkliyini iqtisadi baxımdan artıra bilər. Azərbaycan Hindistan üçün sadəcə bir enerji mənbəyi deyil, həm də Avrasiyaya açılan logistik tranzit qovşağına çevrilə bilər. Nəzərə almaq lazımdır ki, Hindistan coğrafi baxımdan Azərbaycana o qədər də uzaq deyil. Ancaq siyasi münasibətlərdəki soyuqluğu nəzərə alsaq tez bir zamanda onların bu təklifinə müsbət cavab vermək olmaz. Problem ondadır ki, Hindistan Ermənistanın silahlanmasında yaxından iştirak edir. Cənubi Qafqazın ən önəmli mövqeyə malik ölkəsi Azərbaycan olsa da rəsmi Dehli regionda balansı gözləmir. Bölgə dövlətlərinə bərabər mövqedən yanaşmır. Ona görə də bütün bunlar nəzərə alınmalıdır. Azərbaycan Hindistana o vaxt qaz ixrac edə bilər ki, Dehli region ölkələri ilə bərabər münasibət qursun. Bu, olmadan buna getmək doğru olmaz. Ancaq Azərbaycan Hindistanla geniş iqtisadi əlaqələr qursa, bu iki ölkənin siyasi münasibətlərinə müsbət təsir edəcək”.

Vidadi ORDAHALLI

Seçilən
39
baki-xeber.com

1Mənbələr