AZ

İlham Əliyev: “Azərbaycana investisiya yatırmağa maraq hələ də çox yüksəkdir”

“Sizin də qeyd etdiyiniz kimi, biz də 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki bp və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi. Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış bir milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi, elektrik enerjisi çatışmırdı, hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.

 

“Beynəlxalq neft şirkətlərindən, əsasən bp və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, bp və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı, biz bunu heç vaxt unutmayacağıq. Həmin vaxtdan bəri 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb. Beləliklə, bu, ev sahibi ölkə ilə aparıcı enerji şirkəti arasında əməkdaşlığın yaxşı nümunəsidir.

İndi əməkdaşlıq bərpaolunan enerjiyə transformasiya olunur. 2020-ci ilədək işğal altında olan Cəbrayıl şəhərində bp 240 meqavatlıq Günəş enerji stansiyasının yaradılmasında iştirak edir. Səngəçalda ən böyük neft-qaz terminalının karbonsuzlaşdırılması da bp tərəfindən yaşıl gündəliyə böyük töhfədir. Çoxlu başqa planlar da var, mövcud və yeni layihələr var, buraya qaz hasilatının artırılması da daxildir. Ümidvarıq ki, bu il dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində bunun şahidi olacağıq. Həmçinin neft hasilatının sabitləşdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Biz çox səmərəli şəkildə işlədiyimiz və işləməyə davam etdiyimiz bütün enerji şirkətləri ilə yaxşı əlaqələr qurmuşuq. Düşünürəm ki, məhz buna görə neft hasilatının obyektiv səbəblərdən aşağı düşməsinə baxmayaraq, Azərbaycana investisiya yatırmağa maraq hələ də çox yüksəkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Seçilən
23
7
editor.az

10Mənbələr