ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Türkiyə Ticarət Nazirliyi Ramazan ayı ərəfəsində daxili bazarda toyuq ətinin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə kəskin qərar qəbul edib. Nazirlik toyuq məhsullarının ixracını müvəqqəti olaraq dayandırıb. Məlumata görə, bu addım bəzi istehsalçı və satıcıların Ramazan ayı öncəsi qiymətləri təxminən 15 faiz artırmasından sonra atılıb.
Azərbaycanda da bu cür tədbirlərin görülməsi mümkündürmü? Bayram ərəfələrində süni qiymət artımının qarşısını necə almaq olar?
Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, ölkəmizdə də süni qiymət artımının qarşısını almaq üçün belə tədbirlərin görülməsi prinsipcə mümkündür:
“Amma qətiyyətli iqtisadi siyasət yürüdülməlidir. Dövlətin bazara bəlli bir neçə müdaxilə mexanizmləri var. Bunlar – ixracın müvəqqəti məhdudlaşdırılması, antiinhisar və istehlak bazarına nəzarət orqanları tərəfindən süni qiymət artımı kimi hallarda cərimələrin tətbiq etməsi, o cümlədən Dövlət Ehtiyatları Agentliyi vasitəsilə bazara əlavə məhsulun buraxılmasıdır. Tək bir üsulun tətbiqi əlbəttə ki, kifayət etməz, kompleks tədbirlər də görülməlidir. Ölkəmizdən xaricə toyuq əti ixrac edilmir. Bu baxımdan, ixracın müvəqqəti məhdudlaşdırılmasından söhbət gedə bilməz. Ancaq gündəlik qiymət monitorinqi, topdansatış və pərakəndə zəncirin izlənməsi, süni qıtlıq yaradanlara cərimələrin tətbiq olunması kimi tədbirlər həyata keçirilə bilər. Bazara daha çox idxalçı və istehsalçının daxil olmasını asanlaşdırmaq lazımdır. Həmçinin, müvəqqəti idxal rüsumlarının azaldılması mümkündür”.
Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, Azərbaycana quş əti məhsulları Ukrayna, Rusiya, Türkiyə, Braziliya, ABŞ, Polşa və Belarusdan idxal olunur:
“İdxalın əsas hissəsi Ukrayna (42.5%) və Rusiyanın (34.4%) payına düşür. Hər iki ölkədə müharibə şəraitinin olması həm birbaşa, həm də dolayı şəkildə idxal həcminə təsir göstərib. Bu səbəbdən itirilmiş idxal payı Belarus və Gürcüstan kimi ölkələr vasitəsilə təmin edilməyə çalışılır. Müharibənin yaratdığı qeyri-sabitlik idxal dövlətini məcbur edir ki, riskləri yayaraq diversifikasiya etsin. Şəhərin müxtəlif yerlərində insanlar üçün əlçatan kənd təsərrüfatı yarmarkaları təşkil edilməlidir. Yarmarkalarda məhsullar birbaşa fermerlərdən və ya istehsalçılardan alıcıya çatdırılır. Bunun nəticəsində məhsul supermarketlərdəki qiymətlərə nisbətən 20-30% daha ucuz satıla bilir. Düşünürəm ki, vətəndaşlar yalnız supermarketlərin ümidinə qalmamalıdırlar”.
Ləman İmran
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.