AZ

Avropalılar təcili olaraq Visa və Mastercard-a alternativ axtarırlar

Avropa rəsmiləri və bankirləri xəbərdarlıq edirlər ki, Amerika ödəniş nəhəngləri Visa və Mastercard-ın dominantlığı Avrozona üçün kritik bir zəifliyə çevrilib...

Poliqon Financial Times qəzetinə istinadən xəbər verir ki, Avropa təcili olaraq asılılığını azaltmalıdır, çünki ABŞ ilə münasibətlərin pisləşməsi halında, Amerikanın Avropa bazarındakı dominantlığı silah kimi istifadə edilə bilər.

Avropa Ödəniş Təşəbbüsünün (EPI) rəhbəri Martina Vaymert bildirib ki, Avropa beynəlxalq ödəniş həllərindən çox asılı olaraq qalır.

"Daxili ödəniş kartı sistemləri kimi yaxşı milli aktivlərimiz var, amma sərhəddən kənarda heç bir şeyimiz yoxdur. Müstəqilliyin bu qədər vacib olduğunu desək və hamımız bunun zaman məsələsi olduğunu bilirik. Təcili olaraq hərəkətə keçməliyik", deyə Vaymert bildirib.

Avropa Mərkəzi Bankının məlumatına görə, Visa və Mastercard 2022-ci ildə avrozonada bütün kart əməliyyatlarının təxminən üçdə ikisini emal edib və 13 AB ölkəsinin ümumiyyətlə milli alternativi yoxdur. Belə sistemlərin mövcud olduğu yerlərdə belə, onların istifadəsi azalır.

Avropa rəsmiləri ABŞ ilə münasibətlərin pisləşməsi halında ödəniş infrastrukturunun təsir gücü kimi istifadə edilə biləcəyindən qorxurlar.

EPI üzv bankları 2024-cü ildə Apple Pay-a Avropa alternativi olan Wero rəqəmsal ödəniş sistemini işə salıblar. Platforma artıq Belçika, Fransa və Almaniyada 48,5 milyon insan tərəfindən istifadə olunur və 2027-ci ilə qədər fəaliyyətini onlayn və mağazadaxili ödənişlərə genişləndirməyi planlaşdırır.

Paralel olaraq, AMB blokun pul suverenliyini gücləndirməli olan rəqəmsal avro (elektron cüzdan) layihəsini təşviq edir. Rəqəmsal avro təsdiqlənərsə, avrozonanın bütün tacirləri 2029-cu ilə qədər onu qəbul etməyə məcbur olacaqlar.

Bəzi siyasətçilər bunu Visa və ya Mastercard-ın gələcək Avropa versiyası üçün təməl kimi görürlər. Lakin ambisiyalara baxmayaraq, rəqəmsal avronun çox gec gələcəyi ilə bağlı qorxular var.

"Rəqəmsal avro ilə bağlı problem ondadır ki, o, bir neçə ildən sonra, bəlkə də ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti bitdikdən sonra ortaya çıxacaq. Buna görə də düşünürəm ki, bir az gecikmişik", deyə Martina Vaymert əlavə edib.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr