AZ

Kuş Çoksi: Planlaşdırdığımız əsas işlərdən biri də hər il biznes missiyası təşkil etməkdir

Bakı, 10 fevral, AZƏRTAC

ABŞ–Azərbaycan proqramı çərçivəsində planlaşdırdığımız əsas işlərdən biri də hər il biznes missiyası təşkil etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

“Biz bunu hər il həyata keçirəcəyimizə dair öhdəlik götürmüşük. Eyni zamanda, Azərbaycan hökuməti və özəl sektor nümayəndələrini ABŞ-da qəbul etməyi də səbirsizliklə gözləyirik. İstəyirik ki, onlar bizim mövcud nümayəndə heyətimizdən də daha geniş dairədə Amerika şirkətləri ilə görüşə bilsinlər. Digər istiqamət isə müxtəlif sektorları və imkanları araşdırmaqdır ki, biz bunları Amerika şirkətlərinə təqdim edə bilək. Bəzən şirkətlərin investisiya etməsinə mane ola biləcək məhdudiyyətləri araşdırırıq və həmin məsələləri həll etmək üçün təkliflər hazırlamağın mümkün yollarını axtarırıq”.

Onun sözlərinə görə, Azərbaycanın qlobal ödəniş sistemlərinə daha sıx inteqrasiyası ölkədəki kiçik bizneslərin daha geniş bazarlara çıxışına yardım edəcək: “Çünki dünyanın hər yerindən, o cümlədən ABŞ-dan olan müştərilər üçün əməliyyatlar aparmaq və ya mal və xidmətlər almaq daha asan olur”.

Kuş Çoksi deyib: “Biz Azərbaycanda elan ediləcək tender və müsabiqələri izləyərək, onları öz şəbəkəmiz vasitəsilə Amerika şirkətlərinə çatdırmaq niyyətindəyik. ABŞ-da 2500-dən çox ştat və yerli ticarət palatasını əhatə edən geniş şəbəkəmiz var. ABŞ hökuməti Amerika biznesi üçün çox güclü tərəfdaşdır və ABŞ Ticarət Palatası sayəsində geniş şəbəkəyə malikdir”.

Seçilən
39
1
azertag.az

2Mənbələr