Son iki ildə Azərbaycan iqtisadiyyatı 5% böyüyüb, ÜDM 123 milyard manatdan 129,1 milyard manatadək artıb və 6 milyard manatlıq yeni dəyər yaranıb. Bu barədə Vüqar Bayramov Milli Məclisin fevralın 10-da keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, eyni dövrdə sosial xərclərə 32,7 milyard manat ayrılıb, 2026-cı il üçün isə sosial büdcə 17,1 milyard manat təşkil edəcək. Dünən Prezident sərəncamı ilə təxminən 1,1 milyon vətəndaşın pensiyaları artırılıb.
Bayramov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən son iki ildə 9,8 milyard manat xərclənib. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına ümumilikdə 22,1 milyard manat vəsait ayrılıb və hazırda bu ərazilərdə 75 mindən çox vətəndaş yaşayır və işləyir.
Deputat əlavə edib ki, ölkə son iki ildə iqtisadi və institusional islahatları dərinləşdirib, regional stabillik güclənib və ötən ilin avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma regionda yeni dövrün başlanğıcını ifadə edir.
Gülnar Nazimqızı