10 fevral 1998-ci il tarixində Azərbaycanda ölüm hökmü ləğv edilib
İnsan cinayət törədibsə, mütləq qaydada onun cəzasını da çəkməlidir. Ancaq, eyni zamanda, hər bir insanın yaşamaq hüququ var. Tarixin bu günündə - 10 fevral 1998-ci ildə Milli Məclisdə ölüm hökmünün ləğvi ilə bağlı müvafiq qanun layihəsinin dəstəklənməsi Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına necə böyük önəm verildiyini əyani şəkildə təsdiqləyir. Artıq 28 ildir ki, respublikamızın məhkəmələrində heç bir məhkum barəsində ölüm hökmü çıxarılmır...
Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasının ifadəsi
Hazırda dünya üzrə aralarında inkişaf etmiş ölkələr də olmaqla 30-dək dövlətdə ölüm hökmü qüvvədə saxlanılır. Azərbaycanın adı isə Şərqdə ölüm hökmünü ləğv edən dövlət kimi tarixə düşüb.
Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü ilə ilk dəfə ulu öndər Heydər Əliyev çıxış edib. Sabiq Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, həmçinin Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Bəhs olunan müraciətdə oxuyuruq: “Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Son günlər mənə ünvanlanmış minlərlə müraciət göstərir ki, xalqımız bu təşəbbüsü yekdilliklə dəstəkləyir. Şübhə etmirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları da indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətlərini dərk edərək bəyanata tərəfdar çıxacaq və bu amansız cəzanın ləğv edilməsinə səs verəcəklər. Əminəm ki, ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır və bütünlükdə hüquq sistemində həyata keçirilən islahatların mühüm mərhələsidir”.
Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Ulu Öndərin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları və insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunması da Əsas Qanunumuzda öz əksini tapıb. Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu da təsis edib. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verib. 1996-cı ilin mayında isə Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul edib, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilib.
Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Ulu Öndərin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv Fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib.
AXC-Müsavat iqtidarının 1 illik hakimiyyəti dövründə icra olunan 8 ölüm hökmü
Respublikamızda 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilib. Əlamətdar haldır ki, müstəqilliyimizin ilk illərində respublikamızda ölüm hökmləri icra olunmayıb. Müstəqil Azərbaycanda ölüm hökmünün üç illik fasilədən sonra bərpası AXC-Müsavat iqtidarının “xidməti”dir. Belə ki, 1993-cü ilin əvvəlində 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilib. Ulu Öndərin bəhs olunan müraciətində vurğulandığı kimi, 1992-ci ildə müstəqillik və demokratiya şüarları ilə hakimiyyətə gələn AXC-Müsavat liderləri totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların icrasını davam etdirirdilər. Bununla da onlar əhalidə qorxu, vahimə hissi, müstəqil dövlətin gələcəyinə inamsızlıq əhval-ruhiyyəsi yaratmağa can atırdılar. Müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, dövlət təhlükəsizliyinin təmin edüməsi və ordu quruculuğu üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri olduğu halda ölüm hökmlərinin icrası vacib ümumdövlət tədbiri kimi ortaya atılmışdı. Prezident səlahiyyətlərini cəmi bir aya yaxın müddətdə həyata keçirmiş Ali Sovetinin sədri İsa Qəmbərov 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində, buna səlahiyyəti olmadığı halda, rədd etmiş və bu barədə müvafiq fərmanlar imzalamışdır. Sabiq prezident Əbülfəz Əliyev isə 1993-cü il yanvarın 5-də ölüm cəzasına məhkum olunmuş 2 şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman imzalayıb. Bundan sonra Əbülfəz Əliyev həmin şəxslərdən birinin barəsində hökmün qanuniliyinin yoxlanılmasını Azərbaycan Respublikasının prokurorluğuna tapşırmış, lakin yoxlama başa çatdırılmadan ölüm hökmü icra edilmişdir. İnsan həyatına belə laqeyd münasibət vaxtilə cəmiyyətimizdə hökm sürən hərc-mərcliyin və özbaşınalığın nəticəsi idi.
1998-ci il 10 fevral tarixinədək respublikamızda 128 məhkum barələrində çıxardılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi. Qeyd etdiyimiz kimi, Ulu Öndər respublikanın siyasi hakimiyyətinə qayıtdıqdan az sonra ölüm hökmlərinin icrasına moratorium qoydu. Bununla da hətta Vətən və xalq qarşısında ən ağır cinayətlər törədən, o zamankı hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı düşmənə təslim etdirən Rəhim Qazıyev, ölkəmizi parçalamaq niyyətində olan separatçı Ələkram Hümbətov, təxribat və terror aktları törədən Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Surət Hüseynovun, Cavadov qardaşlarının əlaltıları və qanunsuz silahlı dəstələrin azğınlaşmış üzvləri, Tarix Quliyev, eləcə də bu kimi digər qatillər, təhlükəli canilər barəsində ölüm hökmləri icra olunmadı.
Mübariz FEYİZLİ