AZ

Çörəyin qiyməti bahalaşacaq? - Ekspert açıqladı

Son günlər ölkədə çörəyin qiymətinin artacağı ilə bağlı müxtəlif xəbərlər və iddialar yayılmaqdadır. Bu məlumatlar cəmiyyətdə ciddi müzakirələrə və narahatlığa səbəb olub. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi, eləcə də mümkün qiymət dəyişikliyinin səbəbləri hazırda diqqət mərkəzindədir. Bəs görəsən, çörəyin qiymətində artım gözlənilirmi? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırda Azərbaycanda çörək və unun qiymətinin necə olacağı ilə bağlı “rəsmi təsdiqlənmiş” yaxın gələcək proqnozu yoxdur:

"Amma bir neçə məqamı qeyd etmək olar. Çörək və unun qiyməti dünyadakı buğda bazarına bağlıdır. Çünki ölkədə buğda və unun böyük hissəsi xaricdən gətirilir və dünya bazarında buğda qiymətləri dəyişdikcə unun maya dəyəri də dəyişə bilər. Azərbaycan bazarında unun və çörəyin qiyməti təchizat və tələb prinsipi ilə formalaşır və dünyadakı buğda qiymətlərinə bağlı olaraq artıb-azala bilər,- deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, ötən dövrlərdə unun topdan qiyməti və çörəyin qiymətində dəyişikliklər müşahidə olunub, bəzi dövrlərdə qiymətlər aşağı düşmüş, bəzən artmışdı. Bu da göstərir ki, bazar şəraitində qiymətlər sabit qalmır və dünyadakı durumdan asılı olaraq dəyişə bilər. Dövlət bəzən bazarda qiymət stabilliyini qorumaq üçün nəzarət tədbirləri görür və monitorinq aparır, amma gələcəkdə qiymətlərin artıb‑artmayacağını dəqiq proqnozlaşdırmaq çətindir, çünki bu, həm daxili xərclərdən, həm dünya bazarındakı vəziyyətdən asılıdır.

"Ümumilikdə, çörək və unun qiymətinin yaxın gələcəkdə bir qədər dəyişməsi mümkündür, amma bu, həm dünya bazarındakı buğda qiymətlərindən, həm də daxili iqtisadi amillərdən asılı olacaq. Son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır. Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər. Xüsusilə unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib", - deyə Akif Nəsirli əlavə edib.

A.Nəsirli vurğulayıb ki, zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar:

"Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiymət artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20-30 qəpik civarında yüksəlir".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
110
29
missiya.az

10Mənbələr