AZ

"Valideynlər övladlarının davranış qaydalarına nəzarət etməlidirlər" - Ekspertdən ÇAĞIRIŞ

Son zamanlar məktəblilər arasında baş verən bıçaqlanma hadisələri, eyni zamanda liseydə şagirdin müəllimi güllələməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bəs bu kimi halların qarşısını tamamilə almaq üçün valdeynlər və təhsil müəssisələri nələr etməlidirlər?

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, son dövrlər təhsil müəssisələrində — istər dövlət, istərsə də özəl — bəzi xoşagəlməz hallar yaşanır:

"Düzdür, əvvəllər də belə hallar olurdu, amma silahlı insident səviyyəsində deyil. Əvvəllər bu cür hadisələr fərqli formalarda baş verəndə bu qədər geniş yayılmır və rezonans doğurmurdu. Çünki həmin dövrdə internet əlçatanlığı, sosial şəbəkələr və s. yox idi. Amma indi elə bir əsrdə yaşayırıq ki, informasiya texnologiyalarının bu qədər inkişafı, süni intellektin inkişafı gənc nəslin davranışlarına ciddi mənada təsir göstərir. O cümlədən informasiyanın daha tez yayılması və əlçatanlığı baxımından, məhz bu əsrin tələbi olaraq, biz bu halları görürük".

Mütəxəssis vurğuladı ki, bu məsələdə valideynlər daha çox diqqətli olmalıdırlar, övladlarının davranış qaydalarına nəzarət etməlidirlər:

"Mobil telefonlarda müvafiq sosial platformalardan istifadə imkanları uşaqlar üçün əlçatandır. Müxtəlif oyunlar var ki, bu oyunlar onların aqressivləşməsinə, deviant davranışlar nümayiş etdirməsinə gətirib çıxarır. Bunu valideyn mütləq diqqətə almalıdır. Hazırda demək olar ki, bütün ağıllı telefonlarda valideyn nəzarət panelinin olduğunu bilirik və valideyn maksimum şəkildə həmin nəzarət paneli vasitəsilə övladının hansı sosial şəbəkələrdən istifadə etdiyini, hansı növ oyunlar oynadığını, ümumiyyətlə, hansı kontentlərə maraq göstərdiyini izləməlidir. Yalnız bu izləmə nəticəsində övladda baş verən neqativ kənaraçıxma hallarının qarşısını almaq mümkündür. Eyni zamanda təhsil müəssisələri də diqqətli olmalıdırlar. Çünki təhsil müəssisələri şagirdlərin təlim və tərbiyəsində birbaşa iştirak edirlər. Valideynlə paralel olaraq onlar da şagirddə hər hansı psixi pozuntu, asosial vəziyyət və s. kimi halları müşahidə etdikləri zaman aidiyyəti üzrə məlumat verməlidirlər ki, problem böyümədən həllini tapsın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müntəzəm olaraq təbliğat və maarifləndirmə işləri həyata keçirməlidir. Yalnız bunları etdiyimiz zaman, təbii ki, bu kimi halların qarşısını ala bilərik".

Aytəkin TOFİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr