№ 40 6 fevral 2026-cı il, Bakı şəhəri
“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1192-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 avqust tarixli 183 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464 (Cild I); 2024, № 3, maddə 349) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissənin birinci abzasında, 1.1-ci, 1.2-ci və 1.5-ci bəndlərdə “sursat istehsal etmək” sözləri “sursatın layihələndirilməsi və istehsalı” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər:
1-1.1. satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla):
1-1.1.1. istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
1-1.1.2. texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
1-1.1.3. texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
1-1.1.4. istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.”;
2.3. 2-ci hissənin birinci abzasında, 2.1–2.3-cü bəndlərdə “texnikanı istehsal etmək” sözləri “texnikanın layihələndirilməsi və istehsalı” sözləri ilə əvəz edilsin;
2.4. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə tələb olunan əlavə şərtlər:
2-1.1. satışına (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın idxal edilən ehtiyat hissələri istisna olmaqla):
2-1.1.1. istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
2-1.1.2. texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
2-1.1.3. texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
2-1.1.4. istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.”;
2.5. “Qeydlər”in 5-ci hissəsində “9-cu (partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı) hissəsində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi isə həmin Fərmanın 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr” sözləri “1-1-ci hissəsində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların Azərbaycan Respublikasının ərazisində satın alınması isə həmin Fərmanın 3-1-ci hissəsinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;
2.6. “Qeydlər”ə aşağıdakı məzmunda 7–9-cu hissələr əlavə edilsin:
“7. Əlavə Şərtlərin 1-ci, 1-1-ci, 2-ci və 2-1-ci hissələri həmin hissələrdə nəzərdə tutulan əşyaların hər növünə xüsusi icazə verilməsində ayrılıqda tətbiq olunur.
8. Əlavə Şərtlərin 1-1-ci və 2-1-ci hissələrində nəzərdə tutulan əşyaların satışına xüsusi icazə alındıqdan sonra istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərində dəyişiklik baş verdikdə ərizəçi 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə məlumat verməlidir.
9. Adına və texniki раrаmеtrlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevraI tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”na aid edilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal, ixrac və tranzit əməliyyatları “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarına əsasən aparılır.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri