AZ

XƏBƏRDARLIQ: Dollar dalğalanır – Bu halda manat risklə üzləşəcək

Dolların qlobal maliyyə bazarlarında müşahidə olunan dalğalanmaları fonunda Azərbaycan manatının sabitliyi ilə bağlı suallar aktuallaşıb. Maraqlıdır, Azərbaycan manatı üçün real risklər varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli manat üçün hazırda hər hansı ciddi riskin olmadığını deyib.

İqtisadçının sözlərinə görə, dollar beynəlxalq bazarlarda hər zaman dalğalanan valyutadır və gündəlik ticarət prosesində məzənnə dəyişiklikləri normal haldır.

“Azərbaycan manatı dollara bağlı valyutadır. Son bir il ərzində dolların digər əsas valyutalara qarşı ucuzlaşması müşahidə olunur. Bu proses fonunda manat da dollarla birlikdə digər valyutalar qarşısında dəyər itirir. Lakin bu, manatın dollara qarşı məzənnəsində risk demək deyil”, – X.Kərimli vurğulayıb.

Onun fikrincə, risk yalnız dolların kəskin bahalaşacağı halda gündəmə gələ bilər. Hazırkı mərhələdə isə dollar ucuzlaşdığı üçün manat da bu tendensiyanı izləyir və narahatlıq doğuran məqam yoxdur.

Xalid Kərimli həmçinin Mərkəzi Bankın son açıqlamalarına diqqət çəkərək bildirib ki, manatın məzənnəsi üçün kifayət qədər daxili və psixoloji dəstək mövcuddur.

“Depozitlərdə dollarlaşma səviyyəsi azalır, əhali ötən il daha çox dollar satıb. Bu da manata olan etimadın göstəricisidir. Hazırda vəziyyət stabildir və hər hansı təhlükə müşahidə olunmur”, – deyə iqtisadçı əlavə edib.

Beləliklə, ekspert rəylərinə əsasən, dolların qlobal bazarlardakı dalğalanmalarına baxmayaraq, Azərbaycan manatı üçün yaxın dövrdə real risklər gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
98
1
konkret.az

2Mənbələr