AZ

ABŞ-da 2026-cı il ixtisar dalğası: 108 min nəfər işsiz qaldı

ABŞ-da 2026-cı il ixtisar dalğası: 108 min nəfər işsiz qaldı

ABŞ-da şirkətlərin avtomatlaşdırmaya meyllənməsi və səmərəliliyin artırılması hədəfləri kimi səbəblərlə işdənçıxarma elanlarının intensivləşdiyi müşahidə olunur.

Məşhur konsaltinq şirkəti "Challenger, Gray & Christmas"ın yanvar ayı hesabatına görə, ABŞ mərkəzli işəgötürənlərin elan etdiyi ixtisarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 118% artaraq 108 435-ə yüksəlib. Bu, 2009-cu ildən bəri yanvar ayları üçün qeydə alınan ən yüksek səviyyədir. İxtisarların ən çox baş verdiyi sektorlar nəqliyyat, texnologiya, səhiyyə, kimya və mediadır.

İxtisarların əsas səbəbləri kimi müqavilələrin itirilməsi, bazar və iqtisadi şərtlər, yenidənqurma, bölmələrin bağlanması ilə yanaşı, süni intellekt (AI) tətbiqlərinə keçid və yeni tariflər göstərilir.

Bir çox şirkət süni intellekt investisiyalarını artıraraq bu texnologiyanın gətirdiyi səmərəlilikdən korporativ strukturlarını sadələşdirmək üçün istifadə edir. Xüsusilə süni intellekt və avtomatlaşdırmanın ofis işçilərinin işlərini transformasiya etməsi bu sahədə məşğulluğun daralmasına, əmək bazarında isə rəqabətin sərtləşməsinə səbəb olur.

Qlobal nəhənglərin ixtisar strategiyaları

Amazon: 28 yanvarda dünya üzrə 16 min işçisini ixtisar etmək qərarı alıb. Şirkət bunu bürokratiyanı azaltmaq və qərar qəbuletmə proseslərini sürətləndirmək üçün idarəetmə qatlarının ləğvi ilə izah edir.

Dow Inc: Kimya nəhəngi 4500 nəfəri işdən çıxaracağını və prosesləri süni intellekt vasitəsilə təkmilləşdirəcəyini açıqlayıb.

Meta: "Reality Labs" bölməsindəki işçilərinin 10%-ni (təxminən 1500 nəfər) ixtisar edərək resurslarını süni intellekt dəstəkli cihazlara yönəldir.

UPS: Bu il işçi sayını 30 min nəfərə qədər azaltmağı planlaşdırır. Şirkət 24 binanın bağlanması və şəbəkə daxilində tam avtomatlaşdırmaya keçid vasitəsilə xərcləri azaltmağı hədəfləyir.

HP: Süni intellekt vasitəsilə səmərəliliyi artırmaq üçün qlobal miqyasda 4 min ilə 6 min arasında işçini ixtisar edəcək.

Verizon: Korporativ strukturu sadələşdirmək məqsədilə 13 mindən çox əməkdaşı ilə yollarını ayıracağını elan edib.

Nike: Avtomatlaşdırmanı sürətləndirmək və mənfəəti artırmaq üçün 775 işçini ixtisar edir. Şirkət gələcəkdə ehtiyac duyulacaq rəqəmsal bacarıqlara investisiya yatıracağını bildirib.

Digər mühüm ixtisarlar

Tyson Foods: Fabriklərini bağlayaraq cəmi 5 minə yaxın işçiyə təsir edən qərarlar alıb.

Citigroup: Uoll-Stritin ən aqressiv yenidənqurma proseslərindən birini həyata keçirərək yanvarda 1000 nəfəri işdən çıxarıb. Prosesin 2026-cı ilin sonuna qədər davam edəcəyi gözlənilir.

Target: Mağaza xidmətini yaxşılaşdırmaq üçün region ofislərində və paylama mərkəzlərində 500 vəzifəni ləğv edib.

Seçilən
39
afn.az

1Mənbələr