AZ

Hərbi ekspert: Ermənistana silah satışı Bakıda Venslə müzakirə edilə bilər

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ vitse-prezidenti Vensin açıqlamaları diqqət mərkəzindədir. O, İrəvanda bəyan etdi ki, bu ölkəyə milyardlarla investisiya və müasir kəşfiyyat dronları veriləcək. Əlbəttə, bu bizim tətərfimizdən xoş qarşılanmır. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistana qoyulan investisiya əsasən TRIPP yolu ilə bağlıdır. Çünki bu yol tamamilə dağılıb. Yəni yolun tikintisi, onun icrası, nəzarət və s. müəyyən məbləğ tələb edir. Eyni zamanda Ermənistandakı AES-in yenidən qurulmasını da diqqətdə saxlamaq istəyirlər. Konkret olaraq Ermənistana satılan silahlara gəldikdə, bunun təxminən 11 milyon dollar həcmində olduğu deyilib. Bu, silah ticarəti üçün böyük məbləğ deyil, amma Ermənistanın yenidən silahlanması Azərbaycan üçün təhlükəlidir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İrəvanda Ermənistana 11 milyon dollar dəyərində kəşfiyyat dronları texnologiyasının satışını elan etməsini şərh edərkən deyib.

A. İsazadənin qənaətincə, bu dronlar əsasən Ermənistan-İran sərhədində istifadə edilə, kəşfiyyat məlumatları əldə oluna bilər. “Ancaq zamanı gələndə Ermənistanın bundan bizə qarşı da istifadə etməsi mümkündür. Odur ki, biz belə məsələlərdə ayıq-sayıq olmalıyıq”,- deyə ekspert əlavə edib.

Mütəxəssis əmindir ki, ABŞ vitse-prezidentinin Bakı səfəri zamanı Ermənistana satılan silahlar məsələsi də müzakirə edilə bilər: “Sözsüz ki, Azərbaycan prezidenti təkbətək görüşdə bu silahların nədən ibarət olduğu, satılma səbəbləri haqqında soruşacaq. Yəni diplomatiyanın zənginliyindən fürsət kimi istifadə edilərək bu məsələyə toxunulacaq. Ancaq bu qapalı müzakirədə olacaq”.

A. İsazadə qeyd edib ki, bu barədə danışmaq hələ tezdir, səbr edək, görək bizə nə gətirir və ya satırlar: “Əvvəla, TRIPP yolunun giriş-çıxışı Azərbaycan ərazisindədir, Ermənistandan onun çox qısa bir hissəsi keçir. Digər tərəfdən, Azərbaycanın İranla daha böyük sərhədi var və Azərbaycan öz imkanları əsasında onu müdafiə edir. Sözsüz ki, təhlükəsizlik üçün müasir texnikaya, radarlara hər zaman ehtiyacı var. Bir daha qeyd edim ki, 11 milyon dollarlıq dron satışı böyük məbləğ deyil, amma bu davamlı olacaqsa, Azərbaycan da tədbirlərini görəcək”.

Hərbi ekspertin fikrincə, adətən postkonflikt dövründə tərəflərə münasibətdə eyni yanaşma sərgilənir ki, tərəflərdən biri inciməsin: “Bu, məntiqli yanaşmadır və şübhəsiz ki, ABŞ bölgədə buna diqqət etməli olacaq. Ona görə, mən səbr edərək cənab Vensin Azərbaycana səfərini gözləməyi doğru sayıram”.

Nemət ORUCOV

Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
reyting.az

1Mənbələr