Azərbaycan və ABŞ-ın dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
AzNews.az xəbər verir ki, bunu nazir Məcnun Məmmədov ABŞ-ın Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilmiş dəyirmi masada bildirib.
O, Azərbaycan və ABŞ-ın aqrar sahədə əməkdaşlıq münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Nazirin sözlərinə görə, strateji tərəfdaşlıq müxtəlif sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Dəyirmi masa iştirakçılarına kənd təsərrüfatında dinamik inkişaf tempi, əsas inkişaf istiqamətləri və prioritetlər, dövlət dəstəyi mexanizmləri, həyata keçirilən dövlət proqramları, aqrar sahədə rəqəmsallaşma səviyyəsi, süni intellektin tətbiqi barədə geniş məlumat verən M.Məmmədov elmi tədqiqatlar, aqrar təhsil, bitkiçilik, heyvandarlıq, balıqçılıq və akvakultura, innovativ texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlıq perspektivlərinin olduğunu deyib.
Dəyirmi masada kənd təsərrüfatı, əlverişli biznes mühiti, aqrar sektora investisiya imkanları, dövlət dəstəyi mexanizmləri, kənd təsərrüfatının əsas istiqamətləri və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.