Almaniya avtomobil sənayesi Brüsseli "reallıqla əlaqəni itirməkdə" ittiham edir
Alman Avtomobil İstehsalçıları Assosiasiyasının prezidenti Hildegard Müller dedi: "Biz tez-tez Brüsseldə qərar qəbul edənlər arasında reallığın inkarı və illüziya vəziyyəti ilə qarşılaşırıq. İqtisadi güc olmadan Avropanın beynəlxalq səviyyədə heç bir çəkisi olmayacaq."Alman Avtomobil İstehsalçıları Assosiasiyasının (VDA) prezidenti Hildegard Müller, yüksək xərclər və Brüsselin "reallıqdan uzaq" qaydaları səbəbindən sektorun tarixi bir qırılma nöqtəsində olduğunu bildirərək, investisiyaların və iş yerlərinin sürətlə xaricə köçdüyü barədə xəbərdarlıq etdi.
Assosiasiyanın Berlində keçirilən illik mətbuat konfransında Müller Almaniya və Avropada investisiya şəraitinin sürətlə pisləşdiyini vurğuladı.Müller bildirib ki, "Bu (investisiya şəraitinin pisləşməsi) sənaye böhranı deyil; Almaniyanın böyük bir iqtisadi böhranla üzləşdiyi danılmaz bir faktdır. Almaniyada və Avropada vəziyyət sürətlə pisləşir. Bu, şirkətlərə, xüsusən də kiçik və orta ölçülü avtomobil biznesinə təzyiq göstərir."
Bir çox avtomobil istehsalçısının investisiyalarını xaricə köçürdüyünü və hətta Avropa Birliyinə investisiyalarından imtina etdiyini qeyd edən Müller xəbərdarlıq edib: "Bu investisiyaların və iş yerlərinin ölkədən qaçması ölkəmizin rifahı, sosial və siyasi sabitliyi üçün nəticələrə səbəb olacaq."
Müller bildirib ki, VDA tərəfindən avtomobil təchizatçıları və orta ölçülü istehsalçılar arasında aparılan son sorğu sektordakı pessimizmi ortaya çıxararaq aşağıdakı məlumatları təqdim edib:
"Sorğuda iştirak edən şirkətlərin 72%-i investisiya planlarını dayandırdıqlarını, ləğv etdiklərini və ya xaricə köçürdüklərini bildiriblər. Şirkətlərin 28%-i investisiyalarını birbaşa xaricə köçürməyi planlaşdırır, 19%-i isə layihələrini tamamilə ləğv edib, 25%-i isə qeyri-müəyyənliklər səbəbindən təxirə salıb."
Bu vəziyyətin məşğulluğa təsirini vurğulayan Müller, iştirakçı şirkətlərin təxminən yarısının Almaniyadakı işçi qüvvəsini azaltdığını, eyni zamanda xarici əməliyyatlarında məşğulluğu qoruduğunu və ya artırdığını qeyd etdi.
aia.az
Tərcümə şöbəsi