AZ

Gələcəyin peşəsi: etibarlı rəqəmsal xidmətlərin yaradılmasında keyfiyyətə nəzarət mühəndisin rolu MÜSAHİBƏ

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Sürətli rəqəmsallaşma şəraitində Keyfiyyətə Nəzarət (Quality Assurance - QA) mütəxəssisi peşəsi bütün dünyada texnoloji məhsulların hazırlanmasının ayrılmaz hissəsinə çevrilib. Proqram təminatının keyfiyyətinin arxasında bütöv bir mütəxəssislər ekosistemi dayanır. Bu ekosistemdə QA mühəndislərə xüsusi yer verilir. Bu gün keyfiyyətin təmin edilməsi təkcə səhvlərin axtarılması deyil, texnologiya, biznes və istifadəçi təcrübəsinin kəsişməsində aparılan sistemli işdir.

Azərbaycanda bank xidmətlərinin, elektron dövlət xidmətlərinin və elektron ticarət platformalarının aktiv inkişafı fonunda QA mühəndisin rolu xüsusilə artıb. Bu sahələrdə yol verilən səhvin dəyəri birbaşa istifadəçi etimadına təsir göstərir. Müasir QA mütəxəssisi məhsulun yaradılmasında ideyadan istismara verilənədək bütün mərhələlərdə iştirak edir və şirkətlərə sabit, rəqabətədavamlı həllər təqdim etməyə kömək göstərir.

AZƏRTAC-a müsahibəsində keyfiyyətin təmin edilməsi üzrə mütəxəssis Kamran Muradzadə peşənin necə dəyişdiyindən, biznes üçün yaratdığı dəyərdən, həmçinin süni intellekt və avtomatlaşdırma daxil olmaqla yeni texnologiyaların tətbiqindən danışıb.

— Fəaliyyətinizdə hansı metod və alətlərdən istifadə edirsiniz?

— Mənim üçün məhsula istifadəçi gözü ilə baxmaq və biznes üçün nəyin həqiqətən vacib olduğunu anlamaq əsasdır. Əgər bu, bank xidmətidirsə, ilk növbədə köçürmələri və ödənişləri, onlayn mağazadırsa, səbəti yoxlayıram. Bunlar səhvə yol verilməməli olan ssenarilərdir.

Yeni funksiyalar üçün həmişə əl ilə test aparıram. İstifadəçinin yolunu şəxsən yaşamaq, bütün düymələri basmaq və narahatlıq yaradan məqamların olub-olmadığını anlamaq mənim üçün vacibdir. Darıxdırıcı və təkrarlanan işləri isə avtomatlaşdırmaya ötürürəm, məsələn API üçün Postman-dan, mobil telefonlar üçün Maestro-dan istifadə edirəm. “Jira” və ya “TestRail” kimi alətlər prosesi nəzarətdə saxlamağa kömək edir.

Azərbaycanda tələblər çox vaxt operativ dəyişir. Əl ilə test yeni funksiyaları tez başa düşməyə imkan verir, avtomatlaşdırma isə köhnə funksiyaların sıradan çıxmamasına zəmanət yaradır. Bu yanaşma ilə yeniləmələri vaxtında və keyfiyyəti itirmədən buraxmaq mümkün olur.

— Süni intellekt və avtomatlaşdırma da daxil olmaqla yeni texnologiyaların tətbiqi şəraitində QA mütəxəssisləri proseslərə necə uyğunlaşır?

— Bu gün QA texnoloji prosesdir. İşimizin sürətini və keyfiyyətini artırmaq üçün innovasiyalardan istifadə edirik. Avtomatlaşdırma bütün rutin prosesi üzərinə götürür. Onun sayəsində qeydiyyatı və ya ödənişi gündə yüzlərlə dəfə yoxlamaq mümkündür və buna vaxt sərf olunmur. Süni intellektdən isə köməkçi kimi istifadə edirəm. Belə ki, o, proqram təminatının yoxlanması üçün ideyaları toplamağa və ya iri hesabatları tez təhlil etməyə kömək edir. Bu, insanı əvəz etmək deyil, analoq düşüncədən rəqəmsal sürətlərə keçiddir.

Amma texnologiyalar kənardan baxışı əvəz etmir. Xüsusən də bizim layihələrdə. Burada kiçik bir səhv belə müştərilərin münasibətinə təsir göstərə bilər. Azərbaycanda bu sahənin rolu artıb. İndi biz təkcə prosesin sonunda səhvləri axtarmırıq, həm də planlaşdırma və arxitektura mərhələsində iştirak edərək problemlərin kod yazılmamışdan əvvəl qarşısını almağa çalışırıq.

— QA fəaliyyəti hazırlanma müddətlərinə və komandanın səmərəliliyinə necə təsir göstərir?

— Bir çoxları düşünür ki, QA işi ləngidir, amma əslində yaxşı QA bütün komanda üçün böyük vaxt qənaəti yaradır. Layihəyə başlanğıcdan qoşulanda uyğunsuzluqları hələ ideya mərhələsində aşkar edirik. Funksiyanın təsvirindəki səhvi düzəltmək beş dəqiqəlik işdir, hazır kodda bunu düzəltmək isə həftələrlə davam edən və bir neçə dəfə yenidən işlənən prosesdir. Rutin yoxlamaları avtomatlaşdırıram ki, proqramçılar yeni funksiyalar üzərində rahat işləsinlər.

Ölkəmizdə bu, xüsusilə vacibdir, çünki şirkətlər məhsullarını tez bazara çıxarmağa çalışırlar. QA bu prosesdə balansı qorumağa kömək edir, yəni, məhsul vaxtında çıxır, eyni zamanda etibarlı qalır. Sadə dillə desək, mən prosesi ləngitmirəm, onu proqnozlaşdırılan edir və işə salınandan sonra komandanı xoşagəlməz sürprizlərdən qoruyuram. QA təkcə kodda səhvlərin yoxlanılması deyil, məhsulun insanlar üçün işləyəcəyinə zəmanətdir. Azərbaycanda biz artıq yalnız səhv axtarmırıq, biznesin qərar qəbul etməsinə də kömək edirik.

Bu gün əl ilə yanaşmanı, avtomatlaşdırmanı və süni intellekti birləşdiririk, amma həlledici rol həmişə istifadəçi barədə düşünən insana məxsusdur. Məhz bu amil reputasiya və keyfiyyətə önəm verən istənilən komanda üçün QA işini əvəzolunmaz edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr