AZ

Buzlaqların sürətlə əriməsi Tacikistanda su risklərini artırır

Bakı, 11 fevral, AZƏRTAC

Tacikistanda və bütövlükdə Mərkəzi Asiya regionunda buzlaqların sürətlə əriməsi və iqlim dəyişiklikləri su ehtiyatları üzərində təzyiqi getdikcə daha çox artırır. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc olunmuş Tacikistanda ətraf mühit dəyişikliklərinə dair yeni Atlasda qeyd edilir. Məlumatı Düşənbə Su Prosesi Katibliyi yayıb.

Atlasın məlumatlarına əsasən, son onilliklər ərzində Tacikistanda orta illik temperatur 1,2 dərəcə Selsi yüksəlib ki, bu da qlobal orta göstəricini demək olar iki dəfə üstələyir.

İqlim dəyişikliklərinin təsiri nəticəsində ölkə ərazisində yerləşən 1000-dən çox buzlaq artıq tamamilə yox olub.

UNEP-in qiymətləndirmələrinə görə, 2050-ci ilədək əsas çay hövzələrində buzlaqların sahəsi yarıdan çox azala bilər. Sənəddə vurğulanır ki, bu proses Amudərya, Pənc və Vaxş çaylarının axınının azalmasına gətirib çıxaracaq, eyni zamanda su qıtlığı risklərini daha da gücləndirəcək.

Atlasda təbii fəlakətlərin tezləşdiyi və iqlim risklərinin artdığı şəraitdə su ehtiyatlarının kompleks idarə olunmasının, eləcə də transsərhəd əməkdaşlığın gücləndirilməsinin regional su təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd olunur.

Sənəddə, həmçinin buzlaqların sürətlə əriməsi və su ekosistemlərinə düşən yükün artması fonunda Mərkəzi Asiya dövlətlərinin razılaşdırılmış fəaliyyət göstərməsinin zəruriliyi önə çəkilir.

Seçilən
89
2
azertag.az

3Mənbələr