AZ

Avstraliya və Avropa İttifaqı azad ticarət sazişi üzrə danışıqları bərpa edir

Tərəflər Brüsseldə uzun müddət dayanmış danışıqlar prosesinə yenidən start verməyə hazırlaşır...

Poliqon xəbər verir ki, Avstraliya və Avropa İttifaqı (Aİ) arasında azad ticarət sazişi üzrə danışıqlar yenidən bərpa olunur. Bu barədə Avstraliyanın ticarət naziri Don Farrell məlumat verib. Onun sözlərinə görə, bu həftə Brüsseldə Avropa Komissiyasının nümayəndələri ilə görüşlər keçiriləcək və mümkün razılaşmanın əsas şərtləri müzakirə olunacaq.

Nazir bildirib ki, Brüsseldə Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç, həmçinin kənd təsərrüfatı və ərzaq məsələləri üzrə komissar Kristof Hansen ilə görüşəcək. Görüşlərin məqsədi tərəflər üçün qarşılıqlı faydalı olan ticarət sazişi imkanlarını dəyərləndirməkdir. Don Farrell vurğulayıb ki, baş nazir Entoni Albanizinin rəhbərlik etdiyi Avstraliya hökuməti ölkə ixracatçıları üçün yeni bazarların açılmasını, iqtisadiyyatda əlavə iş yerlərinin yaradılmasını və vətəndaşlar üçün xərclərin azaldılmasını hədəfləyir.

Nazir eyni zamanda qeyd edib ki, Avstraliya yalnız milli maraqlara cavab verən və Avropa bazarlarını avstraliyalı kənd təsərrüfatı istehsalçıları üçün real şəkildə açan şərtləri qəbul edəcək. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının Aİ bazarına çıxışı danışıqlarda əsas məsələlərdən biri olaraq qalır.

Xatırladaq ki, Avstraliya ilə Avropa İttifaqı arasında azad ticarət sazişi üzrə dialoq 2018-ci ildə başlayıb. Lakin 2021-ci ildə Kanberranın Fransa istehsalı olan sualtı qayıqların alınmasından imtina etməsindən sonra yaranan diplomatik böhran səbəbindən danışıqlar dayandırılıb. Avstraliyada yeni hökumətin hakimiyyətə gəlişindən təxminən bir il sonra danışıqların bərpasına cəhd edilsə də, həmin mərhələdə ciddi irəliləyiş əldə olunmayıb. İndi isə tərəflər prosesə yenidən siyasi impuls verməyə çalışır.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr