Vaşinqton yeni lisenziya ilə bir sıra ölkələrin və onlarla əlaqəli şirkətlərin sövdələşmələrini bloklayır...
Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı əməliyyatlar üçün yeni lisenziya verib və bu sənəd Rusiya, İran, Şimali Koreya və Kuba ilə əlaqəli bütün şəxslər və şirkətlərin belə sövdələşmələrdə iştirakını qadağan edir. Müvafiq sənəd ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunub.
Lisenziyaya əsasən, qadağa yalnız adıçəkilən ölkələrdə qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslərə deyil, həm də onların birbaşa və ya dolayısı ilə nəzarətində olan strukturlara, eləcə də həmin ölkələrin iştirakı ilə yaradılmış birgə müəssisələrə şamil edilir. Bundan əlavə, sənəd Venesuela və ABŞ-da qeydiyyatdan keçmiş, lakin birbaşa və ya dolayısı ilə Çin strukturlarına məxsus olan, yaxud Çin şirkətlərinin iştirakı ilə fəaliyyət göstərən hüquqi şəxslərlə aparılan əməliyyatları da bloklayır.
Eyni zamanda, yeni lisenziya ABŞ şirkətlərinə Venesuelada neft-qaz fəaliyyətini həyata keçirməyə imkan verir. Sənəd amerikalı biznes subyektlərinə xammalın kəşfiyyatı, işlənməsi və hasilatı hüququ tanıyır. İcazə yalnız hasilatla məhdudlaşmır, həm də müvafiq infrastruktur və xidmət sahələrini əhatə edir.
Lisenziya çərçivəsində maliyyə əməliyyatları, logistika fəaliyyəti, o cümlədən gəmilərin fraxtı və sığortalanması, liman xidmətləri və digər texniki dəstək mexanizmləri də mümkün sayılır. ABŞ rəsmiləri bildirir ki, bu addım Venesuela enerji sektorunda Vaşinqtonun nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, rəqib ölkələrin bölgədəki iqtisadi təsir imkanlarını məhdudlaşdırmağa yönəlib.
Poliqon.info