AZ

Kompüter oyunları və uşaq psixologiyası!

Oyun bitsə də təsiri qalır...

Valideynlər nələrə diqqət etməlidir?

Etiraf edək ki, kompüter oyunları uşaqlar üçün cəlbedicidir. Parlaq qrafika, sürətli dinamika, səviyyə keçmə hissi və ani mükafatlar məktəblilərdə güclü emosional reaksiya yaradır. Bu isə diqqətin uzun müddət oyunda qalmasına səbəb olur. Nəticədə real həyatda dərs oxumaq və ya ailə üzvləri ilə ünsiyyət qurmaq uşaq üçün daha az maraqlı görünə bilir. Psixoloqların fikrincə, bu hal diqqət dağınıqlığına, səbrsizlik hissinin artmasına və aqressiyaya yol aça bilər.

ÜST-dən mühüm çağırış...

Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İspaniyanın Baş naziri Pedro Sançesin gəncləri sosial şəbəkələrin “zəhərli kainatı”ndan qorumaq ideyasını dəstəkləyib və onlar üçün yaş məhdudiyyətlərinin tətbiq edilməsinə çağırıb. ÜST-ün baş direktoru bunu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Platformalar uşaqların təhlükəsizliyini və sağlamlığını qoruyan formada hazırlanmalı və işləməlidir”, - ÜST rəhbəri sosial şəbəkədə yazıb.

O, əlavə edib ki, bu, digər məsələlərlə yanaşı, real yaş məhdudiyyətlərinin tətbiq olunmasını tələb edir. Qebreyesus İspaniya Baş naziri ilə razılaşıb və əlavə edib ki, sosial medianın tənzimlənməsi və hesabatlılığı böyük əhəmiyyət kəsb edir. ÜST rəhbərinin sözlərinə görə, faktlar göstərir ki, uşaqlara dəyən zərər təkcə sosial mediadan istifadə ilə deyil, həm də onların necə dizayn edilməsi ilə bağlıdır. Bu baxımdan, o, həmçinin sosial medianın zərərli və asılılıq yaradan dizaynı ilə mübarizə aparmağa və onları müstəqil nəzarətə tabe etməyə çağırıb.

Təhlükə saçan oyun: Ombudsmandan bəyanat

Ötən gün isə Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva bəyanat yayıb. Bəyanatda deyilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatlıq doğurur. Ombudsman qeyd edib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib. Aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

Vahiməli səslərlə müşayiət olunan oyunlar

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən psixoloq Elnur Rüstəmov bildirib ki, valideynlər uşaqları şiddət və zorakılığı təbliğ edən oyunlardan imkan olduqca uzaq tutmağa çalışmalıdırlar: “Əllərinə kompüter, mobil telefon keçən kimi internetdən şiddəti, zorakılığı əks etdirən oyunlar yükləyirlər. Vahiməli səslərlə müşayiət olunan döyüş oyunlarının kiçik bir fraqmentini izləmək, bu oyunların uşaqlar üçün təhlükəli olduğu qənaətinə gəlməyə kifayət edir. Rəqibinə şiddətli zərbələr endirmək, onu öldürməmiş əl çəkməmək uşaqları tədricən bu cür internet oyunlarının qəhrəmanlarına bənzədir. Uşaqlarda aqressiyanın artmasının da səbəblərindən biri məhz bu oyunların təsiri ilə əlaqəlidir”.

Uşaqlara “şüuraltı infeksiya” yeridilir

E.Rüstəmovun sözlərinə görə, son zamanlar geniş yayılmış “Roblox”un əsas təhlükəsi platformada nəzarətin zəif olmasıdır: “Oyun zamanı uşaqlar tanımadıqları şəxslərlə ünsiyyət qura, yaşlarına uyğun olmayan davranış və ifadələrlə qarşılaşa bilərlər. Bu isə uşaqlarda qorxu, stres və psixoloji çaşqınlıq yarada bilər.

Eyni zamanda onlayn oyunlara artan maraq uşaqların açıq havada oynadıqları ənənəvi oyunlara olan marağını xeyli azaldıb. Nəticədə sosial ünsiyyət zəifləyir, fiziki aktivlik azalır. Kiçik bir monitorinq aparsaq, görəcəyik ki, hansısa “Roblox” kimi oyunların fonunda “şüuraltı infeksiya” uşaqlara yeridilir. Bunun fonunda azyaşlılarda aqressiya yaranır və valideynlər onların ünsiyyətinə nəzarət edə bilmirlər. Valideynin internet resurslarını kontrol etməsi mümkünsüz hala gəlir. Buna görə maarifləndirici tədbirlər görülməlidir”.

Uşaqlarda şizofren davranışı formalaşdırır

Psixoloq qeyd edib ki, bəzi internet oyunları, cizgi filmlər var ki ümumiyyətlə, danışıqdan istifadə olunmur, yalnız jest və mimikalardan ibarətdir: “Bu zaman şüuraltı olaraq uşaq düşünür ki, insanlar arasında verbal ünsiyyət mühüm deyil, qeyri-verbal vasitələrlə qarşı tərəfə lazım olanı başa salmaq olar. Bilavasitə bu düşüncədə olan uşaq ünsiyyətdən qaçır, özünə qapanır və şizoid şəxsiyyət tipinin formalaşmasına zəmin yaradır. Digər bir məqam cizgi filmlərində, kompüter oyunlarının uşaqlarda təxəyyülü yüksək dərəcədə inkişaf etdirməsi ilə bağlıdı. Bu oyunları, cizgi filmini izləyənlər süni formada hallusinasiya yaradır, bunun normal olduğunu düşünür, qeyri-adekvat reaksiyalar verir və şizofren davranışın formalaşmasına gətirib çıxarır”.

Böyük təbliğat, tanıtım, reklam imkanları...

İKT üzrə mütəxəssis Fərid Pərdəşünas dünyada kompüter oyunlarının böyük gəlirli sahələrdən biri olduğunu, bu oyunların istehsalı ilə məşğul olan nəhəng dünya şirkətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, eyni zamanda bu oyunlar böyük təbliğat, tanıtım, reklam imkanlarına malikdir: “Hər hansı bir kompüter oyunu onu istehsal edən ölkənin mədəniyyətini, tarixini, dilini, turizmini tanıtmaqla da məşğuldur”.

Naməlum şəxslərlə təmas və pedofiliya

Ekspert kompüter oyunları zamanı uşaqların qarşılaşacağı təhlükələrdən də söz açıb: “Ən ciddi risklərdən biri uşağın tanımadığı şəxslərlə ünsiyyətidir. Bəzi insanlar uşaqların etibarını qazanaraq onları manipulyasiya etməyə və uyğun olmayan davranışlara sövq etməyə çalışa bilərlər. Bunu adətən çat, şəxsi mesajlar və ya dostluq münasibəti quran obrazlar vasitəsilə edirlər.

Məsələn “Roblox” platforması 13 yaşdan kiçiklər üçün şəxsi mesajlaşmanı valideyn icazəsi olmadan məhdudlaşdırır, amma bu sistem həmişə effektiv işləmir, çünki yaşın yoxlanılması çətindir, bəzi istifadəçilər filtrləri aşa bilir”.

Uyğunsuz və zərərli kontent

Mütəxəssisin sözlərinə görə, bəzən kompüter oyunlarında uşaqlar üçün uyğun olmayan kontentlə qarşılaşmaq mümkündür: “Qorxu elementləri, kobud ifadələr, şokedici səhnələr ola bilir. Bundan başqa, filtrləri keçmək üçün yüklənən nalayiq sözlər olan audio və videolara da rast gəlmək olur.  Çatlarda təhqirlər, ələsalma, oyunda qruplaşmalar uşaqların hisslərini incidə bilər. Bu, özünəinamın azalmasına, qorxu və narahatlığa şərait yaradır. Bəzi oyunçular uşaqlardan ad, yaş, yaşayış yeri kimi məlumatlar istəyirlər. Uşaqlar bunu paylaşdıqda ciddi təhlükə yaranır. Bundan başqa, platforma istifadəçi davranışları barədə məlumat toplayır. Əgər bu məlumatlar sızarsa, risklər artır”.

Valideynlərə məsləhətlər...

Ekspert valideynlər üçün praktik məsləhətləri diqqətə çatdırıb: “Belə məqamlarda valideynlərin övladı ilə açıq danışması əsas şərtlərdən biridir. Uşağa şəxsi məlumatları tanımadığı insanlarla paylaşmamağın vacibliyini izah etmək lazımdır. Valideyn həmçinin şəxsi nəzarətlərini aktivləşdirməlidir. Məsələn, çat məhdudiyyətlərini, alış-veriş icazəsini yoxlamaq vacibdir. Eyni zamanda oyun üçün vaxt limitləri qoymaq lazımdır. Yəni, oyunun dərsə, yuxuya və sağlamlığa mane olmaması üçün balans yaratmaq əsasdır. Ən mühüm məqamlardan biri də dost siyahısını izləmədir. Belə ki, uşağın yalnız real həyatda tanıdığı və ya ailənin tanıdığı insanları əlavə etməsini təşviq etmək lazımdır”.

Yeganə BAYRAMOVA

Seçilən
116
50
yeniazerbaycan.com

10Mənbələr