AZ

Səttar Möhbalıyev: "Bakıdan sərt mesaj-sülhə qarşı duranlar bilməlidir oyun bitib"



Bakıda cənab Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin mətbuata birgə bəyanatları Cənubi Qafqazda sülhə qarşı oynanan bütün gizli və açıq oyunlara birbaşa və sərt cavab oldu. Bu bəyanatlar təkcə strateji tərəfdaşlığın elan edilməsi deyil, eyni zamanda regionda gərginliyi saxlamaq, münaqişəni dondurmaq və xaosdan bəslənmək istəyən dairələrə ünvanlanmış siyasi ultimatumdur. Ya sülh reallığını qəbul edirsiniz, ya da prosesdən kənarda qalırsınız.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin açıq şəkildə dediyi sözlər bu mövqenin rəsmi ifadəsidir: “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik.” Bu cümlə sülhə mane olanlara mesajdır. Azərbaycan artıq təhlükəsizlik boşluğu deyil, təhlükəsizlik sütunudur. Bəzi dairələr illərdir enerji xətlərini, tranzit marşrutlarını və nəqliyyat dəhlizlərini təzyiq aləti kimi istifadə etməyə çalışırdılar. Cənab Prezident İlham Əliyev bu oyunu açıq şəkildə ifşa etdi. Bildirdi ki, “Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir.” Bu faktdan sonra enerji təhlükəsizliyini pozmaq istəyən hər kəs bilməlidir ki, artıq qarşılarında təkcə Azərbaycan yox, qlobal enerji maraqları dayanır. Bu reallığı görməzlikdən gəlmək siyasi korluqdur. Cənab Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı sözləri isə açıq çağırışdır:
“TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik.” “Tramp marşrutu” isə sülhü istəməyən qüvvələr üçün ən arzuolunmaz ssenaridir. Çünki bu marşrut blokadaları mənasız edir, təcridi iflasa uğradır və münaqişədən qazanc götürənlərin əlindən alətləri çıxarır.

Millət vəkili onu da bildirib ki, cənab Prezidentin dediyi kimi, bu marşrut regionda sülhü gücləndirəcək. Başqa sözlə, gərginliklə yaşayanlar üçün meydan daralır. Ermənistan üzərindən oynanan oyunlara son qoyulur. Cənab Prezident İlham Əliyevin Ermənistana neft məhsullarının ixracı ilə bağlı açıqlaması bəzi paytaxtlarda ciddi narahatlıq yaratdı: “Biz nəinki tranzitlə bağlı məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq.” Bu addım sülhə qarşı ritorika quranlara verilən ən sərt cavabdır. Azərbaycan göstərir ki, sülh istəyir, sülhü praktik addımlarla möhkəmləndirir və bu sülhü sabotaj edənləri də ifşa edir. Ermənistan artıq alət deyil. Kim onu yenidən regionda gərginlik üçün istifadə etmək istəyirsə, açıq şəkildə sülhə qarşı çıxmış olur. Cənab Prezident İlham Əliyevin “dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq qururuq” bəyanatı regionda sülhü pozmaq istəyənlər üçün son xəbərdarlıqdır. Bu tərəfdaşlıq nə kağız üzərindədir, nə də taktiki jestdir. Bu, real gücə, real maraqlara və real iradəyə söykənir. Altı ay əvvəl Vaşinqtonda Prezident Trampla başlayan proses bu gün Bakıda açıq siyasi mövqe ilə tamamlandı. Bu mövqeni görüb hələ də köhnə oyunları davam etdirmək istəyənlər bir şeyi anlamalıdırlar ki, ABŞ–Azərbaycan münasibətləri ən yüksək nöqtədədir və bu xətt geri dönməyəcək. Açıq sonluq isə budur ki, kim sülhə qarşıdırsa, cavabını alacaq.

Bu gün Bakıda səslənən bəyanatlar bir sualı gündəmə gətirir. Cənubi Qafqazda sülhə kim qarşıdır? Əgər kimsə hələ də münaqişə dili ilə danışırsa, blokada, təzyiq, təxribat planlaşdırırsa, deməli o, təkcə Azərbaycana yox, beynəlxalq iradəyə qarşı çıxır. Bakıdan verilən cavab isə sadə və sərtdir İstəsəniz də, istəməsəniz də sülh gəlir. Bu prosesin qarşısında duranlar isə tarixdə həmişə olduğu kimi yanlış tərəfdə qalacaqlar-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.



Seçilən
28
aia.az

1Mənbələr