AZ

MyGov platformasının istifadəçilərinin sayı 2,5 milyonu keçib

525.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda "MyGov" platformasının istifadəçilərinin sayı 2,5 milyonu keçib.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" forumunda deyib.

Onun sözlərinə görə, bu göstərici ölkə əhalisinin təxminən dörddə birinin platformadan istifadə etdiyini göstərir: "MyGov Azərbaycanın ən sürətlə inkişaf edən və geniş rəqəmsal xidmət çeşidinə malik tətbiqlərindən birinə çevrilib".

Nazir müavini qeyd edib ki, platforma üzərindən inteqrasiya olunan rəqəmsal sənədlər – şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlər fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

S. Məmmədov bildirib ki, vətəndaşlar ailə qurmaq, valideyn olmaq, təhsil almaq, əmək müqaviləsi bağlamaq və sosial təminatla bağlı prosedurları tam rəqəmsal formada, fiziki məkana getmədən həyata keçirə bilirlər.

O əlavə edib ki, artıq Azərbaycanda həm dövlət, həm də özəl sektorda əmək müqavilələrinin imzalanması tam elektron formada, elektron imza vasitəsilə aparılır: "Yəni bu məqsədlə heç bir kağız çap olunmur".

Nazir müavini vurğulayıb ki, rəqəmsal dövlət xidmətlərinin genişlənməsi idarəetmədə şəffaflığın, sürətin və təhlükəsizliyin artırılmasına xidmət edir və bu model region üçün nümunəvi yanaşma hesab oluna bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
525.az

1Mənbələr