AZ

“Nüvə dövlətlərinin ağıllı davranışına ümid etməkdən başqa çarə yoxdur”

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, əgər regionda hansısa ölkədə nüvə silahı peyda olarsa, Türkiyənin də nüvə silahları yarışına qoşulması qaçılmaz ola bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov qeyd etdi ki, Türkiyənin xarici işlər naziri İranın rəqiblərindən hansınınsa nüvə silahı yaratmaq ehtimalından danışıb və əgər belə bir hal baş verərsə, Türkiyənin də öz nüvə silahını yaradacağını bildirib.

"Məlumdur ki, bölgə ölkələri arasında nüvə silahı yaratmağa ən yaxın olan ölkə elə İranın özüdür və İran 400 kiloqramdan artıq 60% zənginləşdirilmiş urana malikdir. Başqa bir ölkənin belə bir imkanı yoxdur. İsrailin isə artıq nüvə silahına malik olduğu hamıya məlum olan məsələdir. Bu səbəbdən hələlik belə bir təhlükənin mövcud olduğu görünmür. Ancaq təbiidir ki, əgər ərəb ölkələrindən hansısa İran təhlükəsini nəzərə alaraq nüvə silahı yaratmağa cəhd göstərərsə, Türkiyənin xarici işlər nazirinin bəyanatı mütləq nəzərə alınmalıdır. Bununla yanaşı qeyd olunur ki, Türkiyə nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulan ölkələrdəndir və öz üzərinə nüvə silahı yaratmamaq öhdəliyi götürüb", - deyə o xatırlatdı.

Müsahibimiz hər hansısa ölkənin nüvə silahından istifadə etmə ehtimalından da bəhs etdi.

"Belə bir təhlükə 2022-ci ilin oktyabr-noyabr aylarında Rusiya-Ukrayna müharibəsi zamanı yaranmışdı. Ukraynanın öz ərazilərini sürətlə azad etməsi fonunda Rusiya açıq şəkildə bəyan etdi ki, taktiki nüvə silahından istifadə edə bilər və bu təhdid müəyyən rol oynadı. Amerika Birləşmiş Ştatları dərhal Ukraynanın hücumlarını dayandırdı və həmin dövrdən etibarən Ukrayna demək olar ki, uğurlu əks-hücum əməliyyatı həyata keçirə bilmədi. Dünyanın böyük dövlətləri belə bir təhlükənin yaranmaması üçün hər halda əllərindən gələni etməyə çalışırlar. Yaxın zamanda nüvə silahından istifadə təhlükəsi də görünmür. Ancaq dünyada vəziyyət sürətlə dəyişir və yaxın zamanlarda, yaxın illərdə nələrin baş verəcəyini əvvəlcədən söyləmək o qədər də asan deyil. Ümid edək ki, belə bir addım atılmayacaq, çünki nüvə silahından istifadə dünya üçün çox böyük təhlükələr yarada bilər. Hər halda böyük dövlətlərin, nüvə dövlətlərinin ağıllı davranışına ümid etməkdən başqa çarə yoxdur", - deyə A.Səmədov vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
73
1
redaktor.az

2Mənbələr