AZ

Fevralın 11-i vergi xidməti işçilərinin peşə bayramıdır

Bakı,TurkicWorld,Aygün İbrahimova.

Azərbaycanın səmərəli iqtisadi inkişaf modelindən qaynaqlanan yüksək maliyyə imkanları makroiqtisadi sabitliyi və dayanıqlı artımı təmin etməklə, ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsi üçün güclü potensial yaradıb.

TurkicWorld xəbər verir ki, davamlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsində vergi sistemində həyata keçirilən islahatların müstəsna əhəmiyyəti var. Müasir çağırışlar və sürətli transformasiya şəraitində vergi tənzimləmələri iqtisadiyyatın inkişafını və biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas idarəetmə vasitələrindən biri kimi mövqeyini gücləndirib.

İslahatların əsas hədəfləri

Son illər vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatların başlıca məzmununu sahibkarlığın dəstəklənməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə münasibətin intizamsız ödəyicilərdən fərqləndirilməsi və dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi təşkil edir. Bu hədəflərə çatmaq üçün rəqəmsallaşma və innovasiyaların tətbiqi, ictimai iştirakçılığın təmin edilməsi, dövlət-biznes münasibətlərində etimadın yüksəldilməsi və effektiv kommunikasiya kimi alətlərdən fəal istifadə edilir.

Fiskal göstəricilərdə rekord artım

Aparılan islahatların səmərəli nəticələri rəqəmlərdə də özünü göstərir:

  • 2025-ci il ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard manatdan artıq vergi daxil olub.

  • Qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard manatdan çox olub və proqnozdan əlavə 300 milyon manatdan artıq vəsait ödənilib.

  • Aktiv vergi ödəyicilərinin sayı 860 mindən, aktiv ƏDV ödəyicilərinin sayı isə 58 mindən çoxdur.

  • 2026-cı ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz artıqdır.

Əmək bazarının şəffaflaşması

Stimullaşdırıcı islahatlar nəticəsində əmək bazarında ciddi şəffaflaşma qeydə alınıb. Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 493.463 vahid artaraq 2026-ci il yanvar ayının 1-nə 1.895.378-ə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində bu rəqəm 1.031.666 təşkil edir.

Sosial sığorta yığımları da müsbət dinamika nümayiş etdirir. 2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 11,9 faiz artım deməkdir. Hazırda ölkədə 150 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir.

Yeni inkişaf strategiyası: 2025-2028

Vergi orqanları yalnız fiskal yığımlarla kifayətlənmir, həm də iqtisadiyyatın strateji sahələrini stimullaşdırır. Bu ildən etibarən Naxçıvan Muxtar Respublikasında işğaldan azad edilmiş ərazilərlə eyni vergi və sosial sığorta rejimi tətbiq edilir.

Vahid konsepsiya əsasında İqtisadiyyat Nazirliyi yanında “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası” hazırlanıb. Dürüstlük, peşəkarlıq və innovativlik dəyərlərinə söykənən bu strategiya könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir. Əsas missiya "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaqla haqlı rəqabəti və ölkənin iqtisadi təhlükəsizliyini təmin etməkdir.

Seçilən
10
turkic.world

1Mənbələr