AZ

Çində humanoid robotlar üçün dünyanın ilk döyüş liqası yaradılıb

Çində humanoid robotlar üçün dünyanın ilk döyüş liqası yaradılıb

Çinin "Shenzhen EngineAI Robotics" şirkəti insanabənzər (humanoid) robotlar üçün dünyanın ilk peşəkar döyüş liqasının yaradıldığını elan edib.

AFN.az xəbər verir ki, "Ultimate Robot Knock-out Legend" (URKL) adlanan bu çempionat həm əyləncə, həm də robot texnologiyalarının ekstremal şəraitdə sınaqdan keçirilməsi məqsədini daşıyır.

Yarışda əsas platforma kimi şirkətin 2025-ci ilin dekabrında təqdim etdiyi "T800" modeli istifadə olunacaq. URKL turniri 16 komandanın iştirakı ilə 4 qrupda keçiriləcək. Hər bir döyüş 5 dəqiqəlik üç raunddan ibarət olacaq. Turnirin qalibi 10 milyon yuan (təxminən 1,44 milyon dollar) dəyərində olan 10 kiloqramlıq xalis qızıldan hazırlanmış çempionluq kəmərinə sahib çıxacaq. Turnirin fevral ayından başlayaraq dekabr ayına qədər davam etməsi planlaşdırılır.

"T800" robotunun texniki göstəriciləri döyüş şəraiti üçün xüsusi olaraq optimallaşdırılıb. Boyu 1,73 metr, çəkisi 75 kq olan bu android 450 N·m fırlanma anına (tork) malik oynaqları sayəsində 360 dərəcəlik hava dövrələri, boks kombinasiyaları və sürətli yan zərbələr (kik) icra edə bilir. Robotun gövdəsi aviasiya səviyyəli maqnezium-alüminium ərintisindən hazırlandığı üçün yüksək zərbə müqavimətinə malikdir və yıxıldıqdan sonra saniyələr ərzində müstəqil şəkildə ayağa qalxa bilir. "EngineAI" şirkətinin rəhbəri Çjao Tonyan bildirib ki, bu liqa humanoid robotların hərəkət idarəetməsi, dinamik tarazlıq və süni intellekt qərarvermə alqoritmlərini təkmilləşdirmək üçün mühüm platformadır.

Seçilən
73
afn.az

1Mənbələr