"Virus infeksiyası zamanı ilk növbədə uşağa sağlam və sakit istirahət şəraiti yaratmaq lazımdır. Uşaq kifayət qədər yatmalı, yəni yuxu rejiminə diqqət yetirilməlidir. Ondan sonra uşaqlar fiziki və zehni yüklənmədən bir qədər uzaq tutulmalıdır. Otaq tez-tez havalandırılmalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəvova adına Ekmi-Tədqiqat Pediatriya İnsitutunun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda qeyd etdi.
Həkim vurğuladı ki, xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyinə görə bol maye içirilməlidir:
"Tez-tez və az miqdarda su, kompot, çay, yəni evdə hazırlanmış şorbalar vermək olar. Əgər uşaq ana südü ilə qidalanırsa, ana südü mütləq davam etdirilməlidir. Xəstəlik dövründə uşaqlar kaprizli olur və onları zorla yedizdirmək lazım deyil. Bol maye qəbul etmələri kifayətdir. Qidalar asan həzm olunan olmalı və narahatlıq yaratmamalıdır, yağlı və qızartmalı qidalardan uzaq tutulmalıdır".
Nuriyyə NATİQQIZI