AZ

“Taksi şirkətlərindən birinin öz sürücülərinə belə bir bildiriş göndərməsi bazarda vahid yanaşma olmadığını göstərir”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Bolt” yanacaq xərclərinin artımını əsas gətirərək tarifləri 10%-ə qədər artırdığını açıqlayıb. Şirkət bu dəyişikliyin Bakıya şamil olunmadığını bildirsə də, paytaxt sürücüləri də bildiriş aldıqlarını deyirlər. Bununla belə, onlar artımın hələlik gediş haqqına təsir etmədiyini bildirirlər. “Yango” sürücüləri isə belə bir bildiriş almadıqlarını qeyd ediblər.Eyni şəhər daxilində fərqli tarif siyasətinin tətbiqi nə dərəcədə məntiqlidir?Şirkət artımın Bakıya şamil edilmədiyini desə də, sürücülərə bildiriş göndərilməsinin səbəbi nə ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, sürücü və sərnişin üçün aydın olmayan qərar bazarda gərginlik yaradır: “Bu məsələ bazar mexanizmləri və kommunikasiya baxımından iki fərqli müstəvidə qiymətləndirilə bilər. Eyni şəhər daxilində fərqli tarif siyasətinin tətbiqi prinsip etibarilə mümkündür və bazar iqtisadiyyatında tamamilə istisna hal sayılmır. Platformalar qiymətləri tələbat, təklif, sürücü sayı, sifariş sıxlığı və əməliyyat xərclərinə görə tənzimləyirlər. Lakin problem ondadır ki, bu fərqləndirmə aydın və şəffaf izah olunmadıqda, həm sürücülərdə, həm də sərnişinlərdə etimadsızlıq yaradır. Bakı kimi vahid iqtisadi və nəqliyyat məkanında bir platformada artım xəbəri dolaşdığı halda digər platformada heç bir dəyişiklik olmaması suallar doğurur və bazarda qeyri-müəyyənlik hissini gücləndirir”.

Adil Nəbiyev

“Şirkətin artımın Bakıya şamil edilmədiyini bildirməsinə baxmayaraq sürücülərə bildiriş göndərilməsi isə bir neçə səbəblə bağlı ola bilər. Birincisi, bu, texniki xarakterli ümumi bildiriş ola bilər və regionlara görə filtrasiya düzgün aparılmayıb. İkincisi, platforma gələcək mümkün dəyişikliklərə sürücüləri psixoloji olaraq hazırlamaq məqsədi güdə bilər. Üçüncüsü isə, tarif strukturu hələlik sərnişin qiymətinə təsir etməsə də, bonuslar, komissiya dərəcələri və ya daxili hesablamalarda dəyişiklik nəzərdə tutula bilər. Digər tərəfdən, “Yango” sürücülərinin belə bir bildiriş almaması onu göstərir ki, bazarda vahid yanaşma yoxdur və platformalar riskləri fərqli formada idarə edirlər. Bolt isə yanacaq xərclərini əsas gətirərək addım atır, amma kommunikasiya dəqiqliyi tam təmin olunmadığı üçün mövzu daha çox sual yaradır. Əsas problem tarif artımının olub-olmaması yox, məlumatın necə və kimə çatdırılmasıdır. Sürücü və sərnişin üçün aydın olmayan qərar bazarda gərginlik yaradır. Şəffaflıq olmadıqda isə hətta tətbiq olunmayan artım belə real artım kimi qəbul edilir”,- deyə Adil Nəbiyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
bizimyol.info

1Mənbələr