AZ

“Erməni soyqırımı abidəsi" Venslə Pelosini DALAŞDIRDI

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin X sosial şəbəkəsində qondarma "erməni soyqırımı" abidəsini ziyarəti ilə bağlı paylaşımını silməsi ölkəsində də birmənalı qarşılanmayıb.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi bu addımına görə Cey. Di. Vensi qınayıb.

Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, Nensi Pelosi bu barədə sosial mediada yazıb.

O xatırladıb ki, ABŞ-ın keçmiş Prezidenti Co Bayden 2021-ci ildə "erməni soyqırımı"nı rəsmi olaraq tanımaqla ermənilərə mənəvi dəstəyini təsdiqləmişdi.

Pelosinin sözlərinə görə, o, 2022-ci ildə spiker kimi Ermənistana səfər etdiyi zaman Tsitsernakaberddəki “abidə”ni ziyarət etməklə “erməni soyqırımı”na dair Vaşinqtonun aydın və birmənalı mövqeyini ortaya qoymuşdu.

Nensi Pelosi bildirib ki, Tramp administrasiyası rəsmi Vaşinqtonun "erməni soyqırımı"na dair mövqeyini utancverici şəkildə dəyişib.

Pelosinin sözlərinə görə, vitse-prezident Cey. Di. Vensin “erməni soyqırımı”na dair həqiqəti qəbul edən bir paylaşımı silməsi dərin məyusedicidir.

“Tarixi silmək qurbanlara hörmətsizlikdir və dünyada insan hüquqlarına olan öhdəliyimizi zəiflədir", - deyə Pelosi ermənipərəst mövqeyini bir daha qabardıb.

Xatırladaq ki, dünən İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Cey. Di. Vens qondarma “erməni soyqırımı memorialı”nı ziyarət edəndən sonra bununla bağlı X-də paylaşım edib və az sonra onu silib.

CNN telekanalı da bu məsələni şərh edib. Kanal bildirib ki, keçmiş prezident Co Bayden istisna olmaqla, ABŞ liderləri hazırda Vaşinqtonla İran arasında vasitəçilik edən regional müttəfiq Türkiyə ilə əlaqələrə xələl gətirmək qorxusundan “erməni soyqırımı” terminindən yayınır.

Amerika Erməni Milli Komitəsi (ANCA) də Cey. Di. Vensin paylaşımını silməsini “utancverici şəkildə geri çəkilmə” kimi qitmətləndirib.

Ermənistana səfər edən ilk ABŞ vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə bildirib ki, ermənilər ondan həmin “abidə”yə baş çəkməsini xahiş edərkən qondarma soyqırımını “100 il əvvəl baş verən çox dəhşətli hadisə" adlandırıblar.
"Əlbəttə, mən Ermənistana səfər edən ilk vitse-prezidentəm. Bizdən bu yeri ziyarət etməyimiz xahiş edildi. Əlbəttə ki, bu, 100 ildən bir az əvvəl baş verən dəhşətli bir hadisədir və onlar üçün böyük mədəni əhəmiyyətə malik idi... Mən Azərbaycanın da mühüm yerlərini ziyarət etməyi planlaşdırıram".

Cey. Di. Vens "Azərbaycanın da mühüm yerlərini" deyərkən, yəqin ki, Bakıdakı Şəhidlər xiyabanını nəzərdə tutub.

Vensin mətbuat katibi Teylor Van Kirk isə X-dəki paylaşımla bağlı CNN-ə bildirib: "Bu, əsasən vitse-prezidentin fəaliyyətinin foto və videolarını paylaşmaq üçün işçilər tərəfindən idarə olunan hesabdır. Vitse-prezidentin bu məsələ ilə bağlı fikirlərinə gəldikdə, mən onun uçuş-enmə zolağında verdiyi şərhlərə istinad edirəm”.

Sözçünün sözlərinə görə, Cey. Di. Vens qondarma “erməni soyqırımı memorialı”na "həm qurbanlara, həm də Ermənistan hökumətinə hörmət əlaməti olaraq" baş çəkib.

Cey. Di. Vens qondarma “erməni soyqırımı memorialı”nı ziyarətlə bağlı silinmiş paylaşımına Ağ Evin mətbuat katibi Kerolin Livit də münasibət bildirib. O, jurnalistlərə ABŞ Administrasiyanın siyasətinin dəyişmədiyini deyib.

"...mən sadəcə sizi Ağ Evin “erməni anım günü”ndə dərc olunmuş mesajına yönləndirərdim və hazırda siyasətdə heç bir dəyişiklik olmayıb", - deyə o, çərşənbə axşamı keçirilən mətbuat brifinqində bildirib.

Həmin mesaja gəldikdə, 2021-ci ildə Co Bayden “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan ilk ABŞ prezidenti olub və ildönümü münasibətilə aşağıdakı bəyanatı verib:

"Hər il bu gün Osmanlı İmperiyasında erməni soyqırımı zamanı həlak olanların hamısının həyatını xatırlayırıq və bu cür vəhşiliklərin bir daha baş verməsinin qarşısını almaq öhdəliyimizi bir daha təsdiqləyirik".

2021-ci ildəki bu bəyanat Ermənistan tərəfindən müsbət qarşılansa da, Türkiyə tərəfindən pislənmişdi.

Trampın ilk Administrasiyası dövründə Ağ Ev respublikaçı senatorlardan 1915-1923-cü il aralığında “ermənilərin kütləvi qırğınları”nı soyqırımı kimi tanıyan “qətnamə” üçün yekdil razılıq tələbini bloklamağı xahiş edib və bunun Türkiyə ilə danışıqları pozacağını bildirib. Həmin “qətnamə” 2019-cu ildə Nümayəndələr Palatasından və Senatdan keçib.

Seçilən
7
2
turkustan.az

3Mənbələr