AZ

Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ:Daimi sülh gətirəcək səfər

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Vitse-prezident ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşlər keçirilib və  “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.

Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan ABŞ ilə münasibətlərə həmişə böyük diqqət yetirib:

"Amerika Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycanla münasibətlərin normallaşması istiqamətində böyük işlər görüb və bu gün bu münasibətlərin artan xəttlə getdiyini söyləmək olar".

Millət vəkili vurğuladı ki, tərəflər artıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıblar:

"Dünən Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens arasında imzalanan saziş bunun təsdiqi oldu. Elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək. Amerika Azərbaycanın potensialını, beynəlxalq birlikdə sülhün, əmin-amanlığın möhkəmlənməsinə yönələn siyasi kursunu qiymətləndirir və hesab edirəm ki, münasibətlərimiz bundan sonra da daha da güclənəcək".

Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov da hesab edir ki, Vensin ölkəmizə səfəri çox əhəmiyyətli bir səfərdir:

"Son 30 ildə Azərbaycana ABŞ-dən ən yüksək səviyyəli səfərdir və iki ölkə arasında imzalanan sənədlər içərisində dünən imzalanan xartiya ən yüksək əməkdaşlıq xartiyasıdır. Bu xartiyanın imzalanması da iki ölkə arasında münasibətlərin həqiqətən də çox yaxşı məcrada inkişaf etməsini əks etdirən bir sənəd, nümunədir. Azərbaycanın maraqları, regional sülhün təmin olunması, ABŞ-nin regionda marağının təmin olunması baxımından çox əhəmiyyətli bir səfərdir və imzalanan tərəfdaşlıq sənədi də bunun bariz təsdiqidir. Vitse-prezident qeyd etdi ki, iqtisadi əməkdaşlığın iki ölkə arasında təmin olunması, şübhəsiz ki, sülh prosesinə də böyük təsir göstərəcək, gələcəkdə də sülhün daimi olması üçün zəmin yaradacaq. Həqiqətən də burada böyük bir həqiqət var və bu sənədin imzalanması, həm Ermənistana, həm də Azərbaycana cənab vitse-prezidentin səfəri uzunmüddətli, regional, daimi sülh gətirəcək bir səfərdir və eyni zamanda da Azərbaycan və Amerika əməkdaşlığını bundan sonra da daha da irəliyə aparmaq, inkişaf etdirmək üçün bir zəmin rolunu oynayacaq".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2
Seçilən
107
32
redaktor.az

10Mənbələr