Bakı, 11 fevral, Günel Alıyeva, foto İlkin Cavaşirov, AZƏRTAC
“Neft və Davamlı inkişaf: Azərbaycan enerji strategiyası” kitabı zahirən neft tarixindən bəhs etsə də, əslində Azərbaycanın keçdiyi yol, dövlətçilik təfəkkürünün formalaşması və milli maraqların müdafiəsi kimi daha geniş məzmunu ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
“Burada çoxsaylı yeni faktlar və yanaşmalar var. Hətta elə məqamlar işıqlandırılır ki, biz özümüz də onları bu dərəcədə bilməmişik”, - deyə deputat əlavə edib.
Sahib Alıyev qeyd edib ki, əsərdə xüsusilə diqqət çəkən məqamlardan biri də “Əsrin müqaviləsi” və ondan sonrakı proseslərdir.
“Kitaba nəzər saldıqda bir daha görürük ki, Azərbaycan nefti müxtəlif dövrlərdə necə həm təhdid mənbəyinə, həm də güc mənbəyinə çevrilib. Bununla paralel olaraq ölkənin geosiyasi və iqtisadi mövqeyinin necə gücləndiyi aydın şəkildə ortaya qoyulur”, - deyə o vurğulayıb.
Deputat bildirib ki, bu kontekstdə liderlik amili xüsusi yer tutur: Ümummilli Lider Heydər Əliyevin rolu, eləcə də Prezident İlham Əliyevin bu xəttin davamı kimi fəaliyyəti konkret faktlarla göstərilir. Bu isə nəşrin əsas üstünlüklərindən biridir.
“Düşünürəm ki, bu nəşr həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün maraqlı və faydalı olacaq”, - deyə S.Alıyev sözlərinə yekun vurub.