AZ

Azərbaycanın Fələstin dövlətinin tanınmasında mövqeyi



Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, 1992-ci il aprelin 15-də Fələstinlə diplomatik əlaqələr qurub. Azərbaycanda 2011-ci ildən Fələstin dövlətinin səfirliyi fəaliyyət göstərir. İstər siyasi, istərsə də humanitar baxımdan İsrail-Fələstin məsələsinə Azərbaycanın münasibəti aydın və dəqiqdir. Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini daim dəstəkləyib.

Hələ 2011-ci ildə Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə gəlişi zamanı mətbuata bəyanatla çıxışında onun səfərinin tarixi xarakter daşıdığını demişdi:“...Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlamışdır. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır...”.2011-ci il yanvarın 31-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının Prezidenti təsdiq edib və Fələstinin Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliyinə Azərbaycan maddi-texniki yardım edir.

Hazırda da Azərbaycanın mövqeyi açıqdır. Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına mühasibəsində bu haqda bildirmişdir: “İsrail-Fələstin məsələsində də bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq. Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir. Bildiyiniz kimi, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk. Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq. Biz bunu arzulayırıq və həm də burada İslam Liqasının fəaliyyətini əsas götürürük. Çünki bu, daha çox Ərəb dünyasının məsələsidir və burada Ərəb dünyasının təşkilatı - Ərəb Liqasıdır, onun mövqeyi nədirsə, biz də o mövqeyə şərikik. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində biz fəal iştirak etmişik və fəal iştirak edəcəyik. Yəni, bizim mövqeyimiz tam açıqdır”.

Azərbaycanın Fələstin məsələsinə münasibəti beynəlxalq hüquq prinsiplərinə və normalarına əsaslanır. Azərbaycanın mövqeyi belədir ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Prezident İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına mühasibəsində bu haqda açıq fikrini bildirmişdir: “...Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik”.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında Fələstin məsələsində "iki dövlət" prinsipini dəstəkləyir, Fələstinə humanitar yardımlar edir. 2023-cü ilin sonlarında Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı bildirdi ki, Azərbaycan Fələstinin Nablus şəhərində 600 fələstinli uşaq üçün nəzərdə tutulmuş orta məktəb tikdirməyi, 2024-2025-ci illər üzrə 15 fələstinli tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” verəcəyini planlaşdırıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib. Tələbələr yataqxanalara yerləşdiriliblər.

Bundan başqa, Azərbaycanın səhiyyə naziri Teymur Musayev Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensial imkanlar və gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdirilməsi müzakirə edilib.

2025-ci il iyul ayında BMT Baş Məclisi İsrailin 1967-ci ildən bəri işğal etdiyi ərazilərdən çıxmasını, yeni yaşayış məntəqələrinin tikintisinin dayandırılmasını və tərəflərin qarşılıqlı təhlükəsizliyinin təmin olunmasını tələb edən“Nyu-York Bəyannaməsi”ni qəbul etdi. Bu sənəd Fələstin dövlətinin tanınmasına aparan yeni mərhələ kimi qiymətləndirilir. Azərbaycan Fələstinin “lehinə” səs verib. Bundan sonra sentyabrın 22-də Fələstin dövlətinin tanınması məsələsi BMT-də müzakirə edildi. Kanada, Böyük Britaniya, Avstraliya, Portuqaliya BMT Baş Məclisində Fələstin dövlətini tanıdılar.

2026-cı il yanvarın 15-də ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurası yaradıldı. Azərbaycan yanvarın 21-də quruma daxil oldu. Əsas məqsədi münaqişə riski olan ərazilərdə sabitliyin təmini, qanuni idarəetmənin bərpası və davamlı sülhə nail olmaq olan bu qurum ilk məsələ kimi Qəzza zolağında barışığın təmin olunması, idarəçilik, yenidənqurma və silahsızlaşdırma proseslərinin koordinasiyası məsələsinə baxmağı nəzərdə tutub.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri

Seçilən
14
baki-xeber.com

1Mənbələr