AZ

Astronavt Nil Armstronq ilk dəfə Aya enəndə nəyə təəccüblənmişdi?

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Astronavt Nil Armstronq Ay səfəri haqqında danışanda hadisələri sensasiya və qəhrəmanlıq dili ilə yox, sakit və peşəkar pilot kimi xatırlayırdı. O, özünü tarix yazan adamdan çox, çətin bir uçuşu yerinə yetirən mühəndis hesab edirdi.

Xatirələrində ən çox vurğuladığı şey isə emosiyadan çox məsuliyyət hissi idi.

Start anını belə təsvir edirdi: “raket işə düşəndə kabinə elə titrəyirdi ki, sanki metal gövdə nəfəs alırdı”. Minlərlə ton yanacağın yanması nəticəsində yaranan güc insanı oturacağa sıxırdı və o anlayırdı ki, artıq geri dönüş yoxdur. Bununla belə, qorxudan çox diqqətini cihazlara və prosedurlara yönəltdiyini deyirdi.

Ay modulunun enişi onun üçün missiyanın ən gərgin hissəsi olmuşdu. Kompüter bir neçə dəfə xəbərdarlıq siqnalı verdi, planlaşdırılan ərazi isə daşlarla dolu çıxdı. Armstronq sonradan xatırlayırdı ki, həmin an avtomatik sistemi söndürüb idarəni əlinə alaraq sakitcə uyğun yer axtarmağa başlayıb. Yanacağın çox az  qaldığını bilirdi. “Bir az da geciksəydik, ya qəzaya uğrayacaqdıq, ya da qalxa bilməyəcəkdik” – deyə qeyd etmişdi.

Aya ilk addım anını isə çox sadə sözlərlə ifadə edirdi. O, bunu möhtəşəm yox, “adi bir işin davamı” kimi görürdü. Pilləkəndən enəndə səthin necə olduğunu yoxlamaq üçün əvvəlcə ayağını yüngülcə toxundurmuşdu. Sonra demişdi: “Səth incə, toz kimidir.” Ətrafdakı sükut onu ən çox təsirləndirən məqam idi. “Orada tam bir səssizlik var. Yalnız öz nəfəsini və avadanlığın zəif səslərini eşidirsən.”

Yer kürəsini Ay orbitindən və səthindən görmək onun yaddaşında xüsusi yer tuturdu. O, Yer haqqında belə demişdi: “Kiçik, mavi və çox kövrək görünürdü.” Bu mənzərə ona insanların bir planetdə yaşadığını və aralarındakı sərhədlərin nə qədər süni olduğunu düşündürmüşdü.

Məşhur cümləsi barədə isə etiraf edirdi ki, əvvəlcədən uzun-uzadı plan qurmayıb. Sadəcə həmin an beyninə gələn fikri səsləndirib. Onun üçün əsas məsələ tarixi söz demək yox, tapşırığı problemsiz yerinə yetirmək idi.

Sonralar tez-tez deyirdi ki, bu uğur bir nəfərin yox, minlərlə insanın əməyidir: “Mən sadəcə ön sırada idim. Aya bizi aparan bütün komanda idi.”

Bu təvazökarlıq onun xatirələrinin ən səciyyəvi cəhəti olaraq qalırdı.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
azpost.info

1Mənbələr