AZ

“Həqiqət çərçivəsindən kənar” bakılıların görüşünə gəldi - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisinin açılış mərasimi olub.

Hafta.az yazır ki, tədbirdə muzeyin direktoru Əminə Məlikova, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Macarıstan hökumətinin komissarı Peter Hoppal çıxış ediblər.

Çıxış edən muzeyin direktoru Əminə Məlikova deyib ki, Juja Perelinin əsərləri Bakıda ilk dəfə sərgilənmir. Hələ 2017-ci ildə məhzbu muzeydə xanım sənətkarın bir neçə əsəri insanları valeh edib.

“Azərbaycanla Macarıstanın arasında qarşılıqlı hörmət və sevgi əsasında qurulan əlaqələrin çox uzun tarixi var. Bu baxımdan ötən il ölkələrimiz arasında əlalər baxımından çox məhsuldar keçib. O cümlədən, ölkəmiz ötən ilin aprel ayında Macarıstanın sədrliyi ilə, Avropa İttifaqının platforması ilə təşkil olunmuş “Gələcəkdə biz nə geyinəcəyik” adlı sərgisində, daha sonra avqust ayında Budapeştdə təşkil olunan ənənəvi 39-cu El Sənəti Festivalında fəxri qonaq qismində iştirak edib və sair. Bu gün də bu növbəti gözəl sərgini hər kəsin diqqətinə çatdırıram”, - Ə.Məlikova deyib.

Daha sonra çıxış edən Macarıstanın Azərbaycandakı səfiri cənab Tamaş Yozef Torma bildirib ki, Azərbaycan mədəniyyətinin ən dəyərli nümunələri mühafizə olunan bir məkanda Juja Perelinin sərgisini açmaqdan qürur duyur.

“Juja Perelinin sənəti sadəcə təsvir və dekorativ nəsnələr yaratmır, həm də güclü mesajlar verir. Onun təbiət və insan harmoniyasından ibarət əsərləri bizi heyran edir”, - səfir qeyd edib.

Sonra tanınmış qobelen ustası Juja Perelinin qonaqlara ünvanlanan videomüraciəti nümayiş olunub. Həmçinin tarzən İbrahim Babayevin ifası dinlənilib.

Sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunur.

Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir. Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir. Juja Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq, sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır.

2001-ci ildə Juja Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Azərbaycan Milli Xalça Muzeyi, Macarıstan Mədəniyyət və İnnovasiya Nazirliyi və Kovaç Qabor İncəsənət Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mədəniyyətlərarası əməkdaşlığın inkişafına, tekstil sənətinin çağdaş tendensiyalarının tanıdılmasına mühüm töhfədir.

Sərgi fevralın 28-dək davam edəcək.

Seçilən
24
9
hafta.az

10Mənbələr