AZ

İsrail “HƏMAS”la atəşkəsdən sonra Qəzzaya rekord sayda zərbə endirib

Yanvar ayında sektorda 370-dən çox hava və artilleriya hücumu qeydə alınıb, zorakılıq Trampın sülh planının ikinci mərhələsinin ləngiməsi fonunda artır...

Poliqon xəbər verir ki, ABŞ-nin silahlı münaqişələrin monitorinqi ilə məşğul olan ACLED təşkilatının məlumatına əsasən, 2026-cı ilin yanvar ayında İsrail 2025-ci ilin oktyabrında qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri Qəzza sektoruna ən çox sayda hücum həyata keçirib.

The Wall Street Journal nəşrinin ACLED-in məlumatlarına istinadən yaydığı xəbərə görə, bir ay ərzində 370-dən çox İsrail hava zərbəsi, artilleriya atəşi və silahlı toqquşma qeydə alınıb. Bu göstərici atəşkəs dövründə indiyədək ən yüksək aylıq rəqəm hesab olunur.

İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirib ki, zərbələr “HƏMAS” hərəkatı tərəfindən atəşkəs rejiminin pozulmasına cavab olaraq endirilib. Ordunun açıqlamasına görə, əməliyyatlar zamanı qruplaşmanın komandirləri, silah anbarları və hərbi infrastrukturu hədəfə alınıb.

Fələstin mənbələri isə bildirirlər ki, atəşkəs elan olunduqdan sonra İsrailin hücumları nəticəsində təxminən 600 nəfər həlak olub. Mülki itkilərin miqyası və dağıntıların səviyyəsi ilə bağlı beynəlxalq humanitar təşkilatların narahatlığı davam edir.

Zorakılığın artması ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü sülh planının ikinci mərhələsinin dalana dirənməsi fonunda baş verir. The Wall Street Journal yazır ki, fevral ayında SAXAL İsrailin baş naziri Benyamin Netanyahunun ünvanına məxfi hesabat göndərib. Həmin sənəddə “HƏMAS”ın Qəzza sektorunda mövqelərini gücləndirdiyi qeyd olunur.

Analitiklərin fikrincə, tərəflər arasında etimadın azalması və atəşkəs rejiminin davamlı şəkildə pozulması regionda daha genişmiqyaslı eskalasiya riskini artırır. Mövcud vəziyyət həm diplomatik səylərin effektivliyini, həm də humanitar durumun stabilləşdirilməsi imkanlarını sual altına qoyur.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr