AZ

Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlayacaq

Karakasda keçirilən görüşdə tərəflər uzunmüddətli tərəfdaşlığın əsaslarını müzakirə edib, Vaşinqton artıq Venesuela nefti ilə əməliyyatlara icazə verib...

Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramının hazırlanması barədə razılığa gəliblər.

Poliqon xəbər verir ki, bu barədə Venesuela prezidenti tərəfindən səlahiyyətləndirilmiş nümayəndə, vitse-prezident Delsi Rodriges Karakasda ABŞ-nin energetika naziri Kris Rayt ilə görüşdən sonra bildirib.

Rodrigesin sözlərinə görə, əsas məqsəd uzunmüddətli xarakter daşıyacaq tərəfdaşlığın qurulmasıdır. “Əsas məqam uzun müddət mövcud olacaq tərəfdaşlığın yaradılmasıdır. İlk addım gələcək əməkdaşlığın bazasını təşkil edəcək enerji gündəliyinin formalaşdırılmasıdır ki, bu da bizə qarşılıqlı şəkildə bir-birimizi tamamlayaraq işləməyə imkan verəcək”, – deyə o vurğulayıb.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı əməliyyatların həyata keçirilməsinə icazə verən xüsusi lisenziya təqdim edib. Bu addım iki ölkə arasında uzun müddət davam edən sanksiya və qarşıdurma fonunda münasibətlərin yeni mərhələyə keçidi kimi qiymətləndirilir.

Yanvarın 3-də ABŞ Venesuelaya qarşı əməliyyat keçirərək prezident Nikolas Maduronu ələ keçirib. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Venesuelanın enerji resurslarından istifadə etməklə dünya bazarında neft qiymətlərinin aşağı salınmasına çalışacaq. Onun sözlərinə görə, bu addım eyni zamanda Venesuela iqtisadiyyatının bərpasına da töhfə verə bilər.

Ötən ayın sonunda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Venesuela neftinin satışından əldə olunan gəlirləri bloklanmış hesaba yönəldəcək və həmin vəsaitlərin xərclənməsinə nəzarət edəcək. Yanvarın 15-də ABŞ tərəfindən Venesuela neftinin ilk partiyasının 500 milyon dollar məbləğində satıldığı barədə məlumat yayılmışdı.

Müşahidəçilər hesab edirlər ki, enerji əməkdaşlığı ilə bağlı bu təşəbbüs həm qlobal enerji bazarına, həm də Latın Amerikası regionunda geosiyasi balanslara ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr