AZ

“Dron divarı”ideyası yenidən Avropanın gündəmində...

Səbəb Avropa İttifaqında dron təhlükəsi ilə bağlı narahatlığın artmasıdır

Son bir həftə ərzində Avropa mediasında yayımlanan icmallar göstərir ki, Avropa İttifaqında dron təhlükəsi ilə bağlı narahatlıq artır. Ötən ilin sonlarından başlayaraq Avropanın şərq hava sərhədlərinin dəfələrlə pilotsuz uçuş aparatları tərəfindən pozulması Avropa İttifaqı (Aİ) üçün mövcud müdafiə mexanizmlərinin yetərsiz olduğunu üzə çıxarıb. Bu vəziyyətə cavab olaraq Brüssel “dron divarı” adlandırılan yeni təşəbbüsü yenidən gündəmə gətirib. Söhbət fiziki baryerdən deyil, düşmən dronlarını vaxtında aşkar edib zərərsizləşdirməyə yönəlmiş rəqəmsal və texnoloji sistemdən gedir.

“Dron divarı” bütün Aİ məkanını əhatə edəcək

Bu ideya Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələr arasında Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı çoxqatlı monitorinq və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlmiş birgə təşəbbüsdür. Əvvəlcə yalnız Avropa İttifaqının şərqindəki ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan “dron divarı” layihəsi indi bütün Avropanı əhatə edəcək şəkildə genişləndirilib. Bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib. Onun sözlərinə görə, dronlar hər bir region üçün təhlükədir, kommersiya uçuşlarına mane olur və Avropa hava limanlarında problemlər yaradır.

Xatırladaq ki, “Dron divarı” layihəsi hələ ötən ilin oktyabrında Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci sammitində də müzakirə olunmuşdu. Lakin sammitin ilk günündə təhlükəsizlik məsələlərinin müzakirəsi həddindən artıq uzanıb və Aİ ölkələrinin liderləri heç bir razılığa gələ bilməyiblər. Görüş iştirakçılarının hamısı Aİ-nin Şərq cinahlarının potensial hava və dəniz təhdidlərindən qorunmasının zəruriliyi ilə razılaşıblar. Lakin ümumilikdə həm “dron divarı” və ya “dronlardan müdafiə divarı” kimi tanınan Avropa Komissiyasının təşəbbüsləri, həm də onların icra müddətləri ilə bağlı Aİ-nin 27 dövlət və hökumət başçısının mövqeyi üst-üstə düşməyib.

Məsələn, Macarıstanın Baş naziri Viktor Orban “Aİ səmasına daxil olan dronlara nə etmək olar?” sualına cavabında bildirib: “Vurun, sadəcə vurun, vəssalam”. Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron ümumiyyətlə, “divar” yaratmaq ideyasına dair kifayət qədər skeptik fikirlər səsləndiriblər. Hər ikisinin fikrincə, bu məsələlərə daha realist yanaşmaq lazımdır. Vəziyyətin daim dəyişməsi, texnologiyaların sürətlə inkişafı göstərir ki, ideya hələ reallaşmağa başlamazdan əvvəl köhnələ bilər.

Rumıniyanın müdafiə naziri Radu Miruçe də hesab edir ki, “dron divarı” ideyası real deyil: “Bizdə, hələlik belə divar yoxdur. Polşada və ya şimal ölkələrində divar yoxdur. Bu dron divarı kiminsə kompüter oyununda olduğu kimi, heç bir şeyin nüfuz etmədiyi pərdəni endirməsidir - bu utopiyadır. Belə bir şey yoxdur”. Miruçe əlavə edib ki, Rumıniya Ordusu PUA-ların ölkəyə daxil olmasının qarşısını almaq üçün vəziyyətdən asılı olaraq hava hücumundan müdafiə avadanlıqlarını daim hərəkət etdirir. “Biz Dunayın o biri tərəfində baş verənlərdən asılı olaraq yaşayış məntəqələrini qoruyur və yerüstü avadanlıqları hərəkət etdiririk”, - deyə o bildirib.

Layihə nə vaxt reallaşa bilər?

Lakin Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus hesab edir ki, Avropanın “dron divarı” layihəsi bir il ərzində həyata keçirilə bilər. “Biz başa düşməliyik ki, pilotsuz uçuş aparatlarını aşkar etmək üçün kifayət qədər imkanlarımız yoxdur. Qırıcıları və raketləri aşkarlamaq üçün yaxşı vasitələrimiz ola bilər, lakin dronların özünəməxsus xüsusiyyətləri var - onlar çox kiçikdir və son dərəcə alçaqdan uçurlar”, - deyən  komissar əlavə edib ki, belə bir sistemin təxminən bir il ərzində hazır olacağı və Rusiyanın hücumları və təxribatlarını dəf edə biləcəyi ehtimal olunur.

A.Kubilyusun sözlərinə görə, dronlarla mübarizədə daha bir variant lazerlərdir. Üstəlik, vaxtaşırı olaraq bəzi Aİ ölkələrinin ərazisində dronların müşahidə olunmasını nəzərə alaraq, belə bir müdafiə şəbəkəsi blokun geniş dəniz sərhədlərini də əhatə etməlidir. O deyib ki, “dron divarı” üç əsas komponentdən ibarət olacaq bu irimiqyaslı layihənin bir hissəsi olacaq: “Birincisi, sərhədlərdə hərəkət əleyhinə vasitələrin daxil olduğu “quru divar”dır. İkincisi, son zamanlar dronlardan istifadə edilməklə artan təxribatların qarşısını almaq üçün nəzərdə tutulmuş “dron divarı”dır. Üçüncüsü, məsələn, Rumıniya və Bolqarıstan kimi ölkələri dənizdən gələcək təhlükədən qorumaq üçün lazım olan “dəniz divarı”dır”.

“Rusiya Aİ və NATO-nun möhkəmliyini sınaqdan keçirir”

Komissarın fikrincə, Rusiya Aİ və NATO-nun möhkəmliyini sınaqdan keçirir və bizim cavabımız qəti, vahid və dərhal olmalıdır. O bildirib ki, prioritet elementi “dron divarı” olacaq “Şərq Cinahın Müşahidəsi” layihəsi bütün Avropanın maraqlarına uyğun həyata keçiriləcək: “Cəbhə”dəki tərəfdaşlarla birlikdə və Ukrayna təcrübəsini nəzərə alaraq tərəflər pilotsuz uçuş aparatlarının aşkarlanması, izlənilməsi və ələ keçirilməsinin qabaqcıl vasitələrini birləşdirəcək sistem üçün ümumi baxış hazırlayıblar”.

Beləliklə, uzun müddət kağız üzərində qalan layihə son insidentlərdən sonra sürət qazanıb. Dronların mülki hava limanlarının fəaliyyətinə mane olması və hərbi obyektlər üzərində müşahidə edilməsi maliyyə resurslarının və siyasi iradənin formalaşmasına səbəb olub. Avropa Komissiyası artıq təşəbbüsün genişləndirilməsini və onun Avropanın şərq sərhədlərindən kənara çıxaraq bütün qitəni əhatə etməsini təklif edib. Layihə yaxın vaxtlarda açıqlanması gözlənilən müdafiə hazırlığı planına daxil ediləcək. Bununla belə, “dron divarı” anlayışı özü müəyyən suallar yaradır. Təhlükənin dinamik xarakter daşıdığı şəraitdə statik sistemlərin effektivliyi müzakirə mövzusudur. Hələlik hansı tip dronlara qarşı müdafiə qurulacağı, texnologiyanın nə dərəcədə çevik olacağı və sistemin tez köhnəlməsinin qarşısının necə alınacağı aydın deyil.

Mütəxəssislər bildirirlər ki, əsas hədəf dronları mövcud üsullardan daha ucuz və effektiv şəkildə zərərsizləşdirmək olmalıdır. Bu isə yeni texnologiyalarla yanaşı, genişmiqyaslı kadr hazırlığı və təlim proqramları tələb edir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 1 milyard avro ola bilər. Rəqəmin artması da istisna edilmir.

N.BAYRAMLI

Seçilən
136
yeniazerbaycan.com

1Mənbələr