Robototexnika üzrə tanınmış şirkət “Boston Dynamics”in baş direktoru Robert Pleyter vəzifəsini tərk edəcək. Bu barədə ilk olaraq “A3″ nəşri top-menecerin əməkdaşlara göndərdiyi xidməti məktuba istinadən məlumat yayıb. Bildirilir ki, Pleyter 27 fevral 2026-cı ildə şirkətdən ayrılacaq. Yeni rəhbər tapılana qədər baş direktor vəzifəsini maliyyə direktoru Amanda MakMaster icra edəcək.
“The Verge” xatırladır ki, Pleyter “Boston Dynamics”də 30 ildən artıq çalışır və 2020-ci ildən şirkətə rəhbərlik edir.
Pleyterin rəhbərliyi dövründə şirkət “Hyundai Motor Group”un nəzarətinə keçib, tam elektrikli humanoid robot “Atlas”ı təqdim edib və yeni sahibinin zavodlarında onun sınaqlarının keçirilməsi barədə razılığa gəlib.
“Boston Dynamics” Pleyteri “qlobal robototexnika ikonası” adlandıraraq, onun şirkəti “kiçik tədqiqat laboratoriyasından uğurlu biznesə çevirdiyini” bildirib.
Şirkətin saytında qeyd olunur ki, Raybert “Boston Dynamics”i 1992-ci ildə təsis edib və az sonra Pleyter komandaya qoşulub. 2013-cü ildə şirkəti “Alphabet” alıb, 2017-ci ildə isə nəzarət “SoftBank Group”a keçib, daha sonra isə “Hyundai Motor Group” tərəfindən alınıb.