NATO Arktika bölgəsində mövcudluğunu gücləndirir və bu addımın əsas məqsədi Rusiyanı deyil, ABŞ Prezidenti Donald Trampı cilovlamaqdır.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri alyansdakı mənbələrə istinadən yazıb.
Qəzetə danışan NATO diplomatları, alyans nümayəndələri və hərbi analitiklər bildiriblər ki, Trampın adanı anneksiya etməklə bağlı hədələrindən sonra ABŞ-nin güclü təzyiqi nəticəsində NATO daxilində regiona münasibətdə ciddi dönüş yaranıb. Lakin bu dəyişiklik birbaşa hərbi zərurətdən çox, siyasi motivlərlə bağlıdır.
Nəşrin qeydinə görə, NATO yeni missiyasını rəsmi olaraq “Arktik Mühafizəçi” adlandıraraq onu kritik əhəmiyyətli elan edib. Bununla belə, diplomatik fəallıq daha çox Vaşinqtonun rəğbətini qorumaq cəhdi kimi qiymətləndirilir. Müttəfiqlər hesab edirlər ki, Qrenlandiya məsələsində Trampı qane edə bilməmək ağır nəticələrə səbəb ola bilər.
Bildirilir ki, Trampın yanvar ayında Qrenlandiyanı ABŞ-yə birləşdirmək hədələri bir çox Avropa ölkələri üçün dönüş nöqtəsi olub və bu, ABŞ-nin uzunmüddətli etibarlı müttəfiq olub-olmayacağı ilə bağlı şübhələri gücləndirib.
Aytəkin TOFİQQIZI