NATO Müdafiə Nazirləri Cümə axşamı Brüsseldə Şimali Atlantika Alyansının Ankara sammitinə hazırlıq məqsədilə görüşəcəklər.
NATO-nun Baş Katibi Mark Ruttenin dünən keçirilən mətbuat konfransında bildirdiyi kimi, müttəfiq ölkələrin müdafiə investisiyaları on milyardlarla avro artıb və görüşdə alyansın üzv dövlətlərinin müdafiə xərclərini daha da artırmağı planlaşdırdıqları müzakirə olunacaq.
Baş Katib qeyd edib ki, investisiyaları artırmaq üçün lazımi müdafiə məhsullarının satınalma üçün mövcud olması vacibdir. "Buna görə də müdafiə sənayesi bazamızı genişləndiririk. Daha çox istehsal etməliyik. Bu, daha çox hava hücumundan müdafiə sistemi, daha çox sursat və alyans daxilində daha güclü təchizat zəncirləri deməkdir", - Rutte davam etdi.
O, həmçinin hesab edir ki, "daha sürətli hərəkət etmək: yeni texnologiyalar tətbiq etmək, satınalmaları sürətləndirmək və müdafiə sənayemizin tez və miqyaslı istehsal edə bilməsini təmin etmək" vacibdir.
"Ukraynaya dəstəyimizi də müzakirə edəcəyik. Ukrayna bu mübarizəni davam etdirə və ya sülhü təkbaşına təmin edə bilməz. Buna görə də müttəfiqlər Ukraynanı yalnız sözlə deyil, əməllə dəstəkləyiblər. ( Ukraynaya bütün hərbi dəstəyin 99 faizi NATO müttəfiqləri və tərəfdaşlarından gəlir və NATO bu dəstəyin koordinasiyasını və çatdırılmasını gücləndirməyə davam edir", - Şimali Atlantika Alyansının rəhbəri bildirib.
O, Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorovun görüşdə iştirak edəcəyini və müzakirənin "müttəfiqlərin dəstəyini necə gücləndirə biləcəkləri və onu daha effektiv etmək" mövzusuna yönələcəyini açıqladı.
Rutte əlavə etdi ki, görüşdə Avropa İttifaqı da təmsil olunacaq. Baş katib qeyd edib ki, "Avropa İttifaqı NATO-nun ən vacib tərəfdaşıdır. Ukraynaya dəstək də daxil olmaqla, əməkdaşlığımız ortaq təhlükəsizliyimiz üçün çox vacibdir".
Əvvəllər bildirilmişdi ki, NATO müdafiə nazirləri 12 fevralda Brüsseldə keçiriləcək görüşdə Ukraynaya silah çatdırılmasını müzakirə edəcəklər.
Əziz MUSTAFA