AZ

Bakı və İrəvan üçün “X anı” – Daha bir XƏBƏRDARLIQ

Bölgə ətrafında təlatümlü bir dönəmdə şübhəsiz, çox yaxşı olardı ki, Bakı və İrəvan sülh müqaviləsini maksimum tez imzalasın. Həm müharibə versiyasını sıfırlamaq, həm də əlbəttə ki, Rusiyanın təxribatçı planlarını pozmaq üçün sənədin Ukrayna müharibəsi bitməmiş imzalanıb ratifikasiya edilməsi ideal variant olardı.
Bu da ilk növbədə Ermənistandan və onun əhalisinin sülhə nə dərəcədə can atmasından asılıdır. O Ermənistan ki, hələ ki, Moskvanın orbitindən Azərbaycan və ya Gürcüstan qədər uzaqlaşa bilməyib. Zaman isə gedir, fürsət pəncərəsi tədricən bağlanır. Çünki Ukrayna ilə bağlı hər hansı anlaşma və ya atəşkəs Rusiyanın əl-qolunu aça bilər. Artıq bunun kifayət qədər təzahürləri də var. Moskvadan gələn hədə-təhdidlərə qulaq vermək kifayətdir.
“Cənubi Qafqazda Ukrayna müharibəsindən sonra Rusiyadan gələn təhlükədən dolayı narahatlıq var”.
Bunu Finlandiya prezidenti Aleksandr Stubb “Foreign Affairs” jurnalına verdiyi müsahibədə Ukrayna müharibəsindən sonra Moskvadan Finlandiyaya və ya digər NATO ölkələrinə təhlükə görüb-görməməsi ilə bağlı suala cavab olaraq deyib.
“Ermənistan, Azərbaycan və Gürcüstandakı, həmçinin, Orta Asiyadakı dostlarımla nə qədər çox danışıramsa, bir o qədər əmin oluram ki, onlar bizim narahat olduğumuzdan daha çox narahatdırlar”, - Finlandiya lideri Rusiya amilini nəzərdə tutaraq vurğulayıb.
Finlandiya prezidenti haqlımı? Rusiyanın postsovet ölkələrinə təhdidi öz aktuallığını bu qədərmi saxlayır?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Finlandiya prezidenti narahatlığında kifayət qədər haqlıdır:
“Moskvanın keçmiş postsovet məkanı ilə bağlı niyyətləri gizli deyil. Rusiya tərəfindən verilən həm rəsmi, həm də qeyri-rəsmi açıqlamalara diqqət yetirdiyimizdə bu təhlükənin kifayət qədər ciddi olduğunu görməkdəyik. Rusiya siyasi elitasında və cəmiyyətində postsovet məkanı ölkələrinə olan münasibət də bunu göstərir.
Rusiya Ukrayna müharibəsində hədəflərinə çatsa Cənubi Qafqaz və Orta Asiya onun hədəfinə gələ bilər. Xüsusilə də Cənubi Qafqazda mövqelərini xeyli itirmiş Rusiya yenidən burada möhkəmlənməyə çalışır. Doğrudur, hazırda onun bu bölgədə rıçaqları əvvəlki dövrlərdəki qədər deyil, zəifləyib. Ən güclü rıçaqları Ermənistanda idi və indi də müəyyən qədər qalır, lakin İrəvan da Rusiyadan uzaqlaşma xəttini seçib. ABŞ vitse-prezidentinin son səfəri də Ermənistanın bu istiqamətdə səylərini dəstəkləmək niyyəti güdür. Rusiyanın niyyətləri həyata keçəcəkmi, bu, artıq ayrı bir mövzudur”...

Seçilən
81
22
onn.az

10Mənbələr