AZ

NATO-nun Arktikada yeni missiyası: Tramp üçün tamaşa - Rusiya təhlükəsi şişirdilib

NATO Arktikada iştirakını artırır – bu addım daha çox Rusiyanı deyil, ABŞ prezidenti Donald Trampı çəkindirməyə hesablanıb. Diplomatlar və ekspertlər bildirirlər ki, bu səylər əsasən "rebrendinq" xarakteri daşıyır. Məqsəd böyük ölçüdə şişirdilmiş təhlükə fonunda ABŞ prezidentini sakitləşdirməkdir.

Poliqon xəbər verir ki, bunu Politico yazıb.

Nəşrin həmsöhbətləri – NATO diplomatları, Alyans rəsmiləri və hərbi analitiklər – qeyd ediblər ki, Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı hədələrindən sonra ABŞ-ın intensiv təzyiqi nəticəsində NATO-nun diqqəti regiona xeyli artıb. Lakin bu dəyişiklik təcili hərbi zərurətdən çox siyasi motivlərlə bağlıdır.

NATO rəsmi olaraq yeni "Arctic Sentry" (Arktik keşikçi) missiyasını kritik əhəmiyyətli kimi təqdim edir. Bununla belə, diplomatik səylər göstərir ki, müttəfiqlər Qrenlandiya məsələsində Trampa qarşı çıxmağın ağır nəticələrindən ehtiyat edərək Vaşinqtonu öz tərəflərində saxlamağa çalışırlar.

"Rusiyanın artan hərbi fəallığı və Çinin Uzaq Şimala artan marağı fonunda daha çox iş görməyimiz vacib idi", deyə NATO-nun baş katibi Mark Rutte jurnalistlərə bildirib.

Tramp faktoru və "hipotetik" təhlükə

Yanvarda Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi hədə bir çox Avropa ölkələri üçün dönüş nöqtəsi olub və ABŞ-ın daim etibarsız müttəfiq ola biləcəyi barədə fikirləri gücləndirib. Bu məsələ ABŞ dövlət katibi Marko Rubio-nun müttəfiq ölkə liderləri ilə görüşəcəyi Münhen Təhlükəsizlik Konfransının da əsas mövzularından biridir.

Ekspertlər hesab edirlər ki, təhlükəsizliklə bağlı narahatlıqlar xeyli şişirdilib, çünki NATO Arktikada Rusiyaya qarşı kifayət qədər imkanlara malikdir.

Norveç Beynəlxalq Münasibətlər İnstitutunun təhlükəsizlik və Arktika üzrə eksperti, professor Karsten Fris bildirib: "Ümid edirəm ki, bu, sadəcə mövcud fəaliyyətin rebrendinqi olacaq. Əgər söhbət böyük sayda canlı qüvvədən, xüsusilə də Qrenlandiyada yerləşdirmədən gedirsə, bu, baha başa gələcək".

Boş hədə

Qrenlandiyanı güc tətbiq etməklə ələ keçirmə ehtimalını bir neçə dəfə istisna etməyən ABŞ prezidenti ötən ay nəhayət Danimarka ərazisini almaq kampaniyasından geri çəkilib. Bu geri addımda Rutte və müttəfiqlərin Arktika təhlükəsizliyinə daha ciddi yanaşacağına dair vədi rol oynayıb.

Lakin ekspertlər belə təşəbbüsün hərbi baxımdan zəruriliyinə şübhə ilə yanaşırlar.

Ted Stivens adına Arktika Təhlükəsizliyi Araşdırmaları Mərkəzinin analitiki Metyu Hikki deyib: "NATO-nun Arktikada imkan çatışmazlığı olduğunu düşünmürəm. ABŞ Alyansı qorumaq üçün qüvvələrini Qrenlandiyaya köçürmək gücünə malikdir".

Onun sözlərinə görə, ABŞ Alyaskadan 12–24 saat ərzində “minlərlə” hərbçini Qrenlandiyaya göndərə bilər və Ice Exercises təlimlərində toplanmış təcrübə göstərir ki, problem daha çox kommunikasiya boşluğudur.

Vaşinqton Arktik ada üçün müxtəlif potensial təhdidlərdən danışır: Moskvanın böyük buzqıran donanması, bir gün Qrenlandiya üzərindən görünmədən uça biləcək hipersəs raketləri, Rusiya və Çin arasında artan əməkdaşlıq, həmçinin buzların əriməsi nəticəsində şübhəli gəmilər üçün yeni marşrutların açılması.

Lakin professor Fris hesab edir ki, təhlükə Soyuq müharibə dövründən bəri dəyişməyib. Norveç Arktika Universitetinin politologiya professoru Mark Lanteyn isə Rusiya-Çin əməkdaşlığının əsasən “simvolik” xarakter daşıyacağını düşünür. Onun fikrincə, Moskva Pekinin regionla bağlı uzunmüddətli planlarından narahatdır və ona geniş çıxış imkanı verməsi ehtimalı azdır.

Bundan əlavə, Rusiya hələ də NATO-dan xeyli geri qalır. Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Moskva Uzaq Şimalda yerləşdirilmiş üç briqadadan ikisini itirib. Onların əvəzinin hazırlanması beş il və ya daha çox vaxt aparacaq. Bu arada Norveç, Almaniya, Danimarka və Böyük Britaniya region üzərində müşahidəni gücləndirmək üçün "Boeing P-8" patrul təyyarələri alır. İsveç və Finlandiyanın NATO-ya qoşulması isə Alyansın "arktik əzələlərini" daha da gücləndirib.

Qütb problemləri

İlkin mərhələdə "Arctic Sentry" missiyası mövcud təlimləri (məsələn, Qrenlandiyada keçirilən Danish Arctic Endurance təlimləri) NATO-nun Virciniyadakı Birləşmiş Komandanlığının nəzarətinə verəcək. Gələcəkdə bu, təyyarə və dəniz patrullarının göndərilməsi və ya daimi komandanlığın yaradılması ilə nəticələnə bilər.

RUSI analitik mərkəzinin baş elmi işçisi Siddhart Kauşal hesab edir ki, bəzi əlavə tədbirlər faydalı ola bilər. Məsələn, Rusiya sualtı qayıqlarını izləmək üçün daha çox pilotsuz suüstü gəminin yerləşdirilməsi və sonar operatorlarının çatışmazlığının aradan qaldırılması. Lakin Arktikada daimi dəniz mövcudluğu "tamamilə artıq" və hətta təhlükəli olardı. "Bu, gəmiləri Rusiyanın nəzarətində olan ərazilərə yaxın, çox çətin iqlim şəraitinə salır. Orada isə yeganə dəstək infrastrukturu Rusiyaya məxsusdur", deyə o bildirib.

Hazırda Qrenlandiyanın şimalındakı Pituffik kosmik bazasında təxminən 150 amerikalı hərbçi yerləşir. Həm Danimarka, həm də Qrenlandiya mövcud razılaşmalar çərçivəsində əlavə ABŞ qüvvələrinin yerləşdirilməsinə açıq olduqlarını vurğulayıblar.

Bununla belə, materialda qeyd olunur ki, daha çox hərbçi yerləşdirmək israfçılıq olardı. Lakin bəzi müttəfiqlər üçün Alyansın dağılmasının qarşısını almaq naminə əlavə xərc və texnika sərf etmək məqbul razılaşma hesab olunur.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr