AZ

Azərbaycanın yeni rəqəmsal arxitekturası

Dövlət idarəçiliyindən iqtisadi transformasiyaya qədər strateji mərhələ

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirənin keçirilməsi ölkəmizin rəqəmsal transformasiya strategiyasında yeni mərhələnin başlanğıcı kimi xüsusi diqqət çəkir. Bu toplantı yalnız texnoloji inkişaf məsələlərinin müzakirəsi deyil, həm də dövlət idarəçiliyinin, iqtisadiyyatın, sosial xidmətlərin və milli təhlükəsizliyin rəqəmsal əsaslar üzərində yenidən qurulması istiqamətində strateji yol xəritəsinin müəyyənləşdirilməsi baxımından mühüm önəm daşıyır.

Xatırladaq ki, “rəqəmsal arxitektura” anlayışı təkcə informasiya texnologiyalarının tətbiqi ilə məhdudlaşmır. Bu, dövlətin idarəetmə mexanizmlərinin, iqtisadi modelinin və cəmiyyətlə münasibətlərinin rəqəmsal platformalar üzərində inteqrasiyasını nəzərdə tutur. Müasir dünyada rəqəmsal arxitekturaya dövlətlərin rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri kimi xüsusi diqqətdə göstərilir. Bu baxımdan Azərbaycanın qarşısına qoyduğu əsas məqsədlərdən biri – rəqəmsal dövlət modelinin formalaşdırılması respublikamızın uzunmüddətli inkişaf strategiyasının mühüm komponentidir.

Prezident İlham Əliyev müşavirədə bununla bağlı deyib: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu, belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.

Dövlət başçısı çıxışında daha sonra kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsinin zəruriliyini də diqqətə çatdıraraq bunun kritik sahələrdən biri olduğunu, keçən il ölkəmizin çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qaldığını vurğulayaraq bildirib: “Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”.

Azərbaycan liderinin diqqətə çatdırdığı bu məqama görə, respublikamız rəqəmsallaşmanı texnoloji yenilik olmaqla bərabər, həm də dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidi kimi qəbul edir. Bu yanaşma, bir tərəfdən idarəetmədə şəffaflığın və operativliyin artırılmasını, digər tərəfdən isə iqtisadiyyatın rəqəmsal transformasiyasının gerçəkləşdirilməsini şərtləndirir.

Yeri gəlmişkən, son illər Azərbaycanda elektron hökumət infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib. “ASAN xidmət” modeli, elektron dövlət xidmətləri portalı, rəqəmsal identifikasiya sistemləri və dövlət məlumat bazalarının inteqrasiyası bu sahədə mühüm nailiyyətlər kimi beynəlxalq aləmdə yüksək qiymətləndirilib. Lakin yeni rəqəmsal arxitekturada bu prosesin növbəti mərhələsinə başlanılması nəzərdə tutulub.

Müşavirədə bildirildiyi kimi, yeni modelin əsas məqsədi dövlət xidmətlərinin yarımçıq yanaşma ilə deyil, vahid rəqəmsal ekosistem çərçivəsində fəaliyyət göstərməsidir. Bu, dövlət qurumları arasında məlumat mübadiləsinin avtomatlaşdırılmasını, qərar qəbuletmə proseslərinin data əsaslı idarə edilməsini və vətəndaşlara göstərilən xidmətlərin gələcək hadisələri proqnozlaşdırmaq gücünə malik olmasını reallaşdırır. Analitik baxımdan belə bir yanaşma 3 əsas nəticə ilə öz ifadəsini tapır. Bu, ilk növbədə, idarəetmədə bürokratik prosedurların azalması və qərarların qəbulunda sürətin artması kimi amilləri nəzərdə tutur. İkinicisi, şəffaflıq və hesabatlığın, rəqəmsal platformalar vasitəsilə dövlət fəaliyyətinin monitorinqi imkanlarının genişlənməsini, üçüncüsü isə xidmətlərin daha əlçatan və istifadəçi yönümlü olmasını əsas götürür.

İqtisadiyyatın rəqəmsal transformasiyası məsələsinə gəldikdə isə qeyd edək ki, yeni rəqəmsal arxitektura yalnız dövlət idarəçiliyini deyil, iqtisadiyyatın strukturunu da dəyişir. Rəqəmsal iqtisadiyyat artıq qlobal miqyasda əsas inkişaf “sürücülərindən” biri hesab olunur. Azərbaycan üçün bu istiqamət xüsusilə strateji əhəmiyyət daşıyır, çünki ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biridir.

Toplantıda vurğulanıb ki, bu gün ölkəmizdə rəqəmsal arxitektura çərçivəsində bir sıra istiqamətlər, məsələn, rəqəmsal platformalar üzərində fəaliyyət göstərən yeni biznes modellərinin təşviqi, fintech, elektron ödənişlər və blokçeyn texnologiyalarının tətbiqi, istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt əsaslı idarəetmə, elektron ticarət platformalarının genişlənməsi və rəqəmsal logistika həlləri kimi önəmli prioritetlər ön plana çıxır. Bu proseslərin iqtisadi təsiri yalnız məhsuldarlığın artması ilə məhdudlaşmır. Rəqəmsal transformasiya yeni iş yerlərinin yaranmasına, əmək bazarının strukturunun dəyişməsinə və insan kapitalının keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.

Müasir rəqəmsal arxitekturanın əsas sütunlarından biri süni intellekt və böyük məlumatların (big data) səmərəli istifadəsidir. Dövlətin malik olduğu məlumat resurslarının analitik emalı strateji qərarların daha dəqiq və proqnozlaşdırıla bilən şəkildə qəbul edilməsinə imkan verir. Azərbaycan üçün isə bu istiqamət xüsusilə vacibdir. Çünki süni intellekt dövlət siyasətinin planlaşdırılmasında risklərin azaldılmasına kömək edir, data əsaslı idarəetmə sosial və iqtisadi proqramların səmərəliyini artırır, rəqəmsal analitika isə korrupsiya risklərinin minimallaşdırılmasını şərtləndirir.

Bu baxımdan “yeni rəqəmsal arxitektura” anlayışı data suverenliyi məsələsini də gündəmə gətirir. Dövlətin strateji məlumat resurslarının qorunması və milli data infrastrukturlarının formalaşdırılması milli təhlükəsizlik kontekstində mühüm əhəmiyyət kəsb edir.

Rəqəmsallaşma prosesi paralel olaraq yeni risklər də yaradır. Bu baxımdan kibertəhlükəsizlik məsələsi yeni rəqəmsal arxitekturanın ayrılmaz komponentidir. Dövlətin rəqəmsal infrastrukturu nə qədər inkişaf edirsə, onun müdafiəsi də bir o qədər strateji xarakter alır.

Azərbaycanın bu sahədə qarşısında duran əsas vəzifələr milli kibertəhlükəsizlik strategiyasının gücləndirilməsi, dövlət və özəl sektor arasında koordinasiyanın artırılması, kritik informasiya infrastrukturlarının qorunması, yerli texnoloji həllərin inkişafı kimi prioritetlərdir. Rəqəmsal suverenlik anlayışı isə yalnız texnoloji deyil, həm də siyasi və iqtisadi müstəvidə əhəmiyyətlidir. Bu, Azərbaycanın qlobal rəqəmsal platformalardan asılılığının azaldılması və milli rəqəmsal ekosistemin gücləndirilməsi deməkdir.

Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” konsepsiyası ölkənin rəqəmsal gələcəyinin konturlarını müəyyənləşdirən fundamental sənəd kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın regional və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması, innovasiya əsaslı iqtisadiyyatın qurulması və müasir dövlət modelinin formalaşdırılması istiqamətində atılmış mühüm strateji addımdır.

V.BİNYATOĞLU
XQ

Seçilən
41
xalqqazeti.az

1Mənbələr