İndi komanda növbəti çətin sınaqla üz-üzədi. Elgiz Kərəmlinin komandası bu gün 14-cü turda “Səbail”in qonağı olacaq. Tərəflərin çempionluğa iddialı olduğunu nəzərə alsaq, nəinki meydanda, tribunalarda da intriqa son həddə çata bilər.
Bəs, “Şəfa” bu matça necə hazırlaşıb? Düşərgədə vəziyyət necədi?
“Football-plus.az”ın suallarını Elgiz bəy cavabladı:
“Maraqlı və gərgin oyun olacaq. Bəli, hər iki komanda çempionluğa iddialidı. Rəqib qalib gələrək xal fərqini azaltmağa, biz isə xal fərqini daha da artırmağa çalışacağıq. Oyunun əhəmiyyətini başa düşürük. Komandada ab-hava çox yaxşıdı. Psixoloji cəhətdən oyuna tam hazırıq. Yeganə problem Urfan İsmayilovun zədəli olmasıdı. Pərviz Azadovun oynaya bilib-bilməyəcəyi isə matç günü bilinəcək”.
Xatırladaq ki, “ASCO Arena”da keçiriləcək oyun saat 17.00-da başlayacaq.
KƏNAN BAHADIR