AZ

Bütün bunlar Bakının iştirakı olmadan mümkün deyil - Rəy

Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın vitse-prezidenti Cey Di Vensin (J.D. Vance) Azərbaycana səfəri və iki ölkə arasında imzalanan yeni Xartiya təkcə diplomatik protokol hadisəsi deyil. Bu, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlandığını göstərən strateji mesajdır”.

Bu fikirləri Hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev bildirib.

Ekspertin sözlərinə görə, ABŞ vitse-prezidentinin Bakıya səfəri və imzalanan Strateji Xartiya təsadüfi sənəd deyil:

"Bu sənəd dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın artan regional və beynəlxalq çəkisinin rəsmiləşdirilməsi kimi qiymətləndirilə bilər. Vaşinqton artıq anlayır ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması Bakının iştirakı olmadan mümkün deyil".

B.Quliyev qeyd edib ki, təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində əldə olunan razılaşmalar ABŞ-ın Azərbaycanı regionda etibarlı tərəfdaş kimi gördüyünü göstərir. Onun fikrincə, bu əməkdaşlıq birbaşa hərbi alyans anlamına gəlməsə də, müdafiə qabiliyyətinin gücləndirilməsi, birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sənayesi sahəsində texnoloji əməkdaşlıq kimi istiqamətləri əhatə edə bilər. Bu isə Azərbaycanın regional təhlükəsizlik arxitekturasındakı rolunu daha da möhkəmləndirir.

Ekspert vurğulayıb ki, enerji təhlükəsizliyi məsələsi də gündəmin əsas mövzularındandır. Azərbaycan artıq Avropanın enerji xəritəsində əsas oyunçulardan birinə çevrilib. ABŞ üçün isə Azərbaycanın Rusiya və İran arasında balanslaşdırıcı mövqedə dayanması, eyni zamanda Qərb bazarlarına açıq və etibarlı tərəfdaş kimi çıxış etməsi xüsusi strateji əhəmiyyət daşıyır:

“Bu Xartiya həm də siyasi mesajdır. Vaşinqton regionda formalaşmış yeni reallıqları qəbul etdiyini nümayiş etdirir. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və post-münaqişə mərhələsində regional kommunikasiya xətlərinin açılması, nəqliyyat dəhlizlərinin formalaşdırılması və iqtisadi inteqrasiyanın təşviqi istiqamətində əsas təşəbbüskar kimi çıxış edir. ABŞ bu proseslərdən kənarda qalmaq niyyətində deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan xarici siyasətində balans prinsipini qoruyur. Bakı nə hər hansı bir blokun üzvüdür, nə də birtərəfli asılılıq siyasəti yürüdür. ABŞ-la münasibətlərin dərinləşdirilməsi digər tərəfdaşlarla əlaqələrin zəifləməsi anlamına gəlmir. Əksinə, bu, Azərbaycanın çoxşaxəli və praqmatik diplomatiyasının məntiqi nəticəsidir.

Ümumilikdə, Vensin səfəri və imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə daşıyır. Bu mərhələnin əsas xüsusiyyəti qarşılıqlı maraqlara əsaslanan, təhlükəsizlik və iqtisadi əməkdaşlığı dərinləşdirən strateji tərəfdaşlıq modelinin formalaşmasıdır. Proses davamlı və ardıcıl xarakter alarsa, Azərbaycan–ABŞ münasibətləri regionun geosiyasi balansında mühüm rol oynaya bilər”.

Tahirə Qafarlı

Seçilən
175
hafta.az

1Mənbələr