AZ

Dövlət xəstəxanalarında gizli növbəsizlik: “Yatılı xəstə” oyunu

ain.az bildirir, Bizimyol portalına istinadən.

Son dövrlər bəzi dövlət xəstəxanalarında müşahidə olunan hallar səhiyyə sistemində kök salmış yeni bir işbazlıq formasını üzə çıxarır. Kağız üzərində hər şey şəffaf, qaydalara uyğun görünsə də, reallıq tamam fərqlidir.

Adi bir vətəndaş ultrasəs müayinəsi (UZI), rentgen və ya digər tibbi xidmətlərdən yararlanmaq üçün səhər tezdən xəstəxanaya üz tutur. Saatlarla növbədə dayanır, sıra mədəniyyətinə əməl edir və düşünür ki, hamı onun kimi eyni qaydalar çərçivəsində gözləyir. Lakin bu gözləntinin çox vaxt sadəlövhlük olduğu ortaya çıxır.

Bir qədər sonra xəstəxana xalatında bir şəxs peyda olur. Onu müşayiət edən tibb bacısı növbədə dayananlara bildirir ki, bu şəxs “yatılı xəstədir” və növbəsiz keçməlidir. Növbədə saatlarla gözləyən insanlar vəziyyətdən narazı qalsalar da, adətən səsini çıxarmırlar. Çünki dövlət xəstəxanasında, üstəlik tibbi personalın dediyinə etiraz etmək çoxlarına riskli görünür. Amma problem də məhz buradan başlayır.

Araşdırdıqca məlum olur ki, bu “yatılı xəstə”lərin əhəmiyyətli bir hissəsi əslində xəstəxanada yatmır. Onlar çöldən gələn, adi vətəndaşlardır. Xəstəxananın hansısa otağında onlara xalat geyindirilir, “yatılı xəstə” görüntüsü yaradılır və bu yolla müayinələrə növbəsiz daxil olmaları təmin edilir. Proses sanki əvvəlcədən planlaşdırılmış bir “əməliyyat” kimi həyata keçirilir. Bu sxemin arxasında isə iki əsas faktor dayanır: tanışlıq və pul. Ya xəstəxana personalı ilə şəxsi əlaqələr, ya da qeyri-rəsmi ödənişlər hesabına bəzi insanlar digərlərinin haqqını tapdalayaraq sistemdən sui-istifadə edirlər.

Bu məsələdə ən çox zərər görən yenə də adi vətəndaş olur. Saatlarla növbədə gözləyən, vaxtını və əsəblərini itirən insanlar üçün bu cür hallar dövlət səhiyyəsinə olan inamı sarsıdır. Şəffaflıq adı altında gizli imtiyazların yaradılması sosial ədalət prinsipinə açıq-aşkar ziddir.

Bu məsələ təkcə növbə problemi deyil. Bu, sistemli nəzarətsizliyin, məsuliyyətsizliyin və cəzasızlığın göstəricisidir. Əgər bu cür hallara vaxtında reaksiya verilməzsə, “yatılı xəstə” adı altında yaradılan saxta imtiyazlar sabah səhiyyə sisteminin adi normasına çevrilə bilər.

Dövlət xəstəxanaları bütün vətəndaşlar üçün bərabər və ədalətli xidmət göstərməlidir. Xalat geyindirməklə status dəyişən “xəstələr” yox, real ehtiyacı olan insanlar prioritet olmalıdır. Əks halda, növbədə duran təkcə insanlar yox, ədalət anlayışının özü olacaq.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
bizimyol.info

1Mənbələr