Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges rəsmi səfərdə olan ABŞ-nin energetika naziri Kristofer Raytla görüşüb.
"Yeni Sabah" xəbər verir ki, onların Karakasdakı Miraflores Sarayında görüşünə dövlətə məxsus PDVSA neft şirkətinin prezidenti Hektor Obreqon Peres və Venesuelanın ABŞ-dəki diplomatik nümayəndəsi Feliks Plasensiya da qatılıb.
Danışıqlar zamanı tərəflər hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək enerji gündəliyini müzakirə ediblər.
Rodriges və Rayt karbohidrogen tədarükünün təhlükəsiz olmasını təmin etmək üçün Venesuelanın geniş ehtiyatlarından və mövcud infrastrukturundan istifadə etməklə regional enerji bazarını sabitləşdirəcək konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.
Səfər zamanı Raytın həmçinin Amerika neft şirkəti "Chevron"a məxsus emal müəssisəsinə baş çəkməsi gözlənilir.
Səfərin məqsədi ərazidəki texniki əməliyyatlarla tanış olmaq və ölkədə fəaliyyətini davam etdirən Amerika şirkətləri ilə əlaqələri gücləndirməkdir.
Bu səfər yanvarın 3-də ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən və nəticədə Prezident Nikolas Maduronun həbsindən bəri ən yüksək səviyyəli təmas kimi diqqəti cəlb edir.
ABŞ-nin Karakasdakı müvəqqəti işlər vəkili Laura Dogue sosial media paylaşımında görüşün əhəmiyyətini vurğulayaraq, danışıqların Donald Trampın çiçəklənən Venesuela vizyonunun irəliləməsi üçün əsas olduğunu qeyd edib.
Telegram kanalımız