ain.az, Bizimyol saytına istinadən bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin superprezidentlik idarəetmə formasından tamamilə imtina etdiyini açıqlayıb. O, yeni Konstitusiya layihəsinin “Güclü Prezident – Nüfuzlu Parlament – Hesabatlı Hökumət” prinsiplərinə əsaslandığını və siyasi sistemin ardıcıl inkişafını təmin edəcəyini bildirib. Tokayevin sözlərinə görə, son illərin islahatları prezidentin gücünü balanslaşdıraraq parlamentin nüfuzunu artırıb. Bu dəyişikliklər Qazaxıstanın artıq təsirli parlamentlə idarə olunan prezident respublikasına keçdiyini göstərir.Siyasi sabitlik və qərar qəbuletmə necə dəyişə bilər?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tokayevin dedikləri özündə həm real islahat elementləri daşıyır, həm də siyasi ritorika payı var: “Bu dəyişiklik hər şeydən əvvəl sistemin davamlılığını artıra bilər. Superprezidentlikdə hər şey bir mərkəzdə cəmlənir və bu, qısa müddətdə sürət versə də, uzunmüddətli risk yaradır. Parlamentin güclənməsi isə qərarların institusional dayağını möhkəmləndirir. Həmçinin krizis ssenarilərində məsuliyyət bölüşdürülür. 2022-ci ilin yanvar hadisələri göstərdi ki, şəxsi gücə dayanan model dayanıqlı deyil, kövrəkdir”.
Anar İsayev
Politoloqun fikrincə, hakimiyyət tranziti daha az riskli ola bilər, yəni gələcəkdə lider dəyişikliyi dövlət üçün sarsıdıcı olmaya bilər.
Anar İsayev qeyd edib ki, dəyişikliyin müsbət tərəfləri olduğu kimi riskləri də mövcuddur: “Güclü partiya sistemi formalaşmayıbsa və
parlament real siyasi aktora çevrilməyibsə, qərarların qəbulunda ləngimələr ola bilər. Dəyişiklik əgər formal xarakter daşıyacaqsa, real mərkəzləşmə riski yaradacaq. Yəni prezident faktiki olaraq dominant qalacaqsa, sistem kağız üzərində dəyişmiş olacaq”.
"Güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət" demokratik institutları gücləndirə bilərmi?
Politoloq hesab edir ki, nəzəri baxımdan mümkündür, amma əsas məsələ icradır: “Yəni, parlament hökuməti formalaşdırmaqda real söz sahibi olarsa, nazirləri sorğu-sual edə və istefaya göndərə bilərsə, eyni zamanda hökumət parlamentə hesabat verməyə məcbur olarsa, həmçinin Prezident partiya siyasətindən formal olaraq kənarda qalarsa ,təbii ki, bu halda qanunvericilik şəffaflaşa bilər, büdcə və korrupsiya nəzarəti güclənər, müxalifətin institusional mövqeyi yarana bilər. Ancaq qeyd etmək lazımdır ki, bu gün Qazaxıstanda müxalifət zəifdir. Parlament uzun illər icraedici hakimiyyətin “uzantısı” kimi işləyib,siyasi mədəniyyət hələ konsensus modelinə hazır deyil. Beləliklə konsepsiya işlək ola bilər, amma bu da 5-10 illik prosesdir və tək konstitusiya dəyişikliyi ilə bitmir”.
Anar İsayev vurğulayıb ki, bu dəyişiklik Avropa İttifaqı və ABŞ üçün hüquqi dövlət, güc balansı, idarəolunan tranzit mesajı ola bilər ki, bu da Qazaxıstana investisiya cəlbediciliyi, siyasi risk reytinqlərində yumşalma gətirə bilər: “Rusiya və Çin üçün narahatlıq yoxdur, amma diqqəti artıracaq. Regional mövqe baxımından Qazaxıstan Orta Asiyada “islahatçı model” roluna iddia edə bilər. Özbəkistanla yumşaq rəqabətdə üstünlük qazana, “avtoritar, amma praqmatik” imicindən “idarəolunan plüralizm” imicinə keçə bilər. Uğurlu alınarsa, Qazaxıstan regionda siyasi modernləşmənin “təhlükəsiz nümunəsi” kimi təqdim oluna bilər”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.