AZ

Ermənistan üçün ABŞ PUA-ları - “Müdafiə Nazirliyi bu haqda düşünür”

“Bu məsələdə hər hansı bir narahatçılıq görmürəm. Əvvəla, hər iki ölkə öz münasibətlərini sülh istiqamətində qurur. Amma ABŞ-nin Ermənistana təklif etdiyi silah-sursat Ermənistan ordusu üçün olduqca önəmlidir”.

Bu sözləri “Yeni Sabah”a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, İrəvan KTMT üzvlərindən silah tədarükünü artıq dayandırıb:

“Almır və almaq fikri də yoxdur. Ermənistan ordusunu müasir silah-sursatla təmin etmək istəyir.

Fərz etsək ki, həmin dronlar nə vaxtsa Azərbaycana qarşı istifadə olunacaq. Yəqin ki, Azərbaycan Müdafiə Nazirliyi bu haqda düşünür. Ermənistan müharibədən çıxmış bir dövlətdir, xeyli problemləri var. Öz silahlı qüvvələrini yenidən komplektləşdirməli və müasir tələblərə uyğunlaşdırmalıdırlar. Ona görə də onlar Hindistandan, ABŞ-dən, Çindən, Yunanıstandan silah-sursat alırlar.

Bu, onların seçimidir, Ermənistana hər hansı təzyiq, yaxud təsir göstərə bilmərik. Bu, normal prosesdir”.

Ü.Cəfərov vurğulayıb ki, Vaşinqton Azərbaycana da müxtəlif silah-sursat satışını həyata keçirir:

“ABŞ-nin Azərbaycan Hərbi Dəniz Qüvvələrinə sürətli kater verməsi ilk dəfə deyil. Xəzər dənizində enerji resurslarının qorunması, silah-sursat və narkotik tranzitinə qarşı mübarizə aparmaq üçün əvvəllər də dəstək olmuşdu. Minatəmizləmə prosesində onlar ANAMA xətti ilə xüsusi hazırlanmış itlərin verilməsini həyata keçiriblər. Fikrimcə, Azərbaycan və ABŞ arasında hərbi-texniki əməkdaşlıq bundan sonra daha da güclənəcək”.

Qeyd edək ki, Vaşinqton Ermənistana 11 milyon dollarlıq müşahidə dronlarının satışını təsdiqləyib. Bu barədə İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Di Vens Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
3
yenisabah.az

1Mənbələr