AZ

Bir ilə 5 sui-qəsd: Suriya prezidentini kimlər öldürmək istəyib?

BMT-nin Terrorla Mübarizə İdarəsinin fevralın 11-də açıqladığı hesabatda bildirilir ki, Suriya prezidenti Əhməd əş-Şaraa və hökumətin bir neçə üzvü son bir il ərzində azı beş uğursuz sui-qəsd cəhdindən sağ çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Sənədə əsasən, hücum cəhdləri prezident Əhməd əş-Şaraaya, həmçinin daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əl-Şibaninə qarşı yönəlib.

Prezidentə qarşı sui-qəsd cəhdlərinin Hələb və Dəraa şəhərlərində qeydə alındığı vurğulanır.

BMT ekspertlərinin məlumatına görə, hücumlara görə məsuliyyəti “Səraya Ənsar əs-Sünnə” adlı qruplaşma üzərinə götürüb. Lakin təşkilatın əslində İŞİD üçün “çətir” və ya proksi struktur rolunu oynadığı bildirilir. Qeyd olunur ki, bu cür vasitəçi qruplaşmadan istifadə terrorçulara birbaşa məsuliyyəti inkar etmək imkanı verir, eyni zamanda əməliyyat imkanlarını genişləndirməyə şərait yaradır.

Ekspertlər hesab edirlər ki, İŞİD 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra yaranmış “təhlükəsizlik boşluğu və qeyri-müəyyənlik dövrü”ndən maksimum yararlanmağa çalışır.
Keçmiş “Heyət Təhrir əş-Şam” lideri olan və üsyan dalğası fonunda hakimiyyətə gələn Əhməd əş-Şaraa hazırda İŞİD tərəfindən “bir nömrəli hədəf” kimi qiymətləndirilir.

Vəziyyət 2025-ci ilin noyabrında yeni Suriya hökumətinin rəsmi olaraq İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmasından sonra daha da gərginləşib.

BMT-də bildirilib ki, dövlət rəhbərliyinə qarşı fiziki aradan götürmə cəhdləri radikal qruplaşmaların Suriyada sabitləşmə prosesini pozmaq və yeni siyasi nizamı sarsıtmaq niyyətindən xəbər verir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
124
konkret.az

1Mənbələr